REGİONLAR
Milli Qurtuluş Günü bölgələrdə təntənə ilə qeyd olunub
Şamaxı, 15 iyun, AZƏRTAC
15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar Şamaxıda bayram təntənəsi yaşanıb. AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi, ictimaiyyətin çoxsaylı nümayəndələri müasir müstəqil Azərbaycanın yaradıcısı və qurucusu ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçəklər qoyublar.
Bayram münasibətilə tədbir iştirakçılarını təbrik edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Qurtuluş Gününün xalqımızın və dövlətimizin həyatında tarixi bir gün olduğunu vurğulayıb. Azərbaycanın sürətli və dinamik inkişafının məhz Qurtuluş Günü ilə başlandığını diqqətə çatdıran icra hakimiyyətinin başçısı Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Bayram konserti ilə davam edən tədbirdə tanınmış incəsənət ustalarının ifasında ulu öndər Heydər Əliyevə, onun şah əsəri olan müasir müstəqil Azərbaycana həsr olunan mahnılar səsləndirilib.
* * *
Milli Qurtuluş Günü Qobustanda da böyük təntənə ilə qeyd olunub.
Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunduqdan sonra rayon Gənclər Mərkəzində davam etdirilən tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Adil Məmmədov Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması ilə nəticələndiyini vurğulayıb.
Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı konsert proqramı təqdim olunub.
* * *
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının qərargahında Milli Qurtuluş Gününə həsr olunan “dəyirmi masa”da böyük öndər Heydər Əliyevin son dərəcə çətin bir şəraitdə ölkəmizin müstəqilliyinin möhkəmlənməsi uğrunda gərgin fəaliyyəti barədə danışılıb.
“Dəyirmi masa”da “Tarixi qayıdış və xalqın qurtuluşu”, “Heydər Əliyev müstəqilliyimizin təminatçısıdır”, “Heydər Əliyev siyasətinin uğurlu davamı” mövzularında məruzələr dinlənilib. Məruzələrdə ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışından sonrakı gərgin fəaliyyətindən bəhs olunub.
Şəhərin Qələbə Parkında rayon incəsənət ustalarının iştirakı ilə bayram konserti verilib.