Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
AzerTAg.az
Bakı, 14 iyun, AZƏRTAC
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və özü xalqa arxa olan dahi bir insandır - Heydər Əliyevdir.
Bu fikirlər Pirallahı rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan bayram tədbirində səsləndirilir. Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov çıxışında bildirib ki, Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev ölkənin ağır günündə xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib paytaxta qayıtmaqla daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu böyük şəxsiyyət həyatını təhlükə altında qoyaraq 1993-cü il iyunun 9-da Bakıya gəldi.
1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü ölkəmizdə bayram elan etdi.
Ümummilli lider Heydər Əliyev deyirdi ki, dövləti olmayan xalq ölümə məhkumdur, dövlətçilik xalqın “ölüm, ya olum” məsələsidir. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi.
Ulu Öndər Azərbaycanı çox sevirdi və böyük azərbaycançılıq ideyasını belə ifadə edirdi: “Hər bir millət öz milli mənsubiyyəti ilə qürur duyur. Mən hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu ifadə onun əməllərində də özünü daim göstərirdi. Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək.
Qeyd edilib ki, bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və mövcud iqtidarın vahid birliyi nəticəsində Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezident İlham Əliyevdir.
Bildirilib ki, müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən bugünkü qiymət ulu öndər Heydər Əliyevin təməlini qoyduğu düzgün siyasətin təntənəsidir. Azərbaycanın parlaq sabahı da bu siyasətə bağlıdır. Azərbaycanın hazırkı inkişafı məhz Qurtuluş Günü ilə başlayıb. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir və bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib. Dövlətimiz günü-gündən güclənir, qüdrətlənir.
Milli Məclisin deputatları Rauf Əliyev, Aydın Mirzəzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxışlarında ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini, Azərbaycan dövlətçiliyinin ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdığını, Ulu Öndərin qətiyyətinin xalqa ruh yüksəkliyi gətirdiyini, inamımızı özümüzə qaytardığını, sabitlik və əmin-amanlığı bərpa etdiyini söyləyiblər. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli mənəvi dəyərlərimizin qorunduğu, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin xaosdan xilas olduğu, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandığı vurğulanıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin bir dahi siyasətçi kimi Vətənimiz üçün gördüyü işlər ona belə bir məşhur kəlamı söyləmək haqqı verdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
Pirallahı rayonu orta məktəb şagirdlərinin, “Çobanyastığı” körpələr evi-uşaq bağçası və Uşaq Yaradıcılıq Mərkəzi yetirmələrinin çıxışları tədbirə xüsusi maraq qatıb. Bayram tədbirinə Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivinin xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırladığı eyniadlı musiqili ədəbi–bədii kompozisiya ilə yekun vurulub.



Xəbərin mətnində orfoqrafik səhv var