CƏMİYYƏT


Milli Qurtuluş Günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edilib

Bakı, 14 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının nəticəsi kimi, 15 iyun – Milli Qurtuluş Günü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olanlara 50 “Xəzər” markalı minik avtomobili təqdim edilib.

AZƏRTAC xəbər verir ki, avtomobillə təmin edilən müharibə əlilləri Milli Qurtuluş Günü ərəfəsində onlara bayram hədiyyəsi kimi minik avtomobilləri təqdim olunmasına görə sevinc hissi keçirdiklərini deyiblər. Qarabağ müharibəsi əlilləri onlara göstərilən münasibətə, ümumilikdə əlilliyi olan insanların bütün sahələrdə qayğı ilə əhatə olunmaları üçün aparılan işlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Avtomobillərin təqdim edilməsi tədbirində nazirliyin Aparatının rəhbəri Hidayət Abdullayev iştirakçıları 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. O, 1993-cü il iyunun 15-də görkəmli siyasətçi Heydər Əliyevin xalqın iradəsi ilə respublikamıza rəhbərliyə qayıdışı Milli Qurtuluş Günü kimi müasir tariximizin şərəfli səhifəsinə çevrildiyini söyləyib. Dahi şəxsiyyətin qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyi bütün təhlükələrdən xilas olaraq ildən-ilə güclənib, ölkəmiz uzunmüddətli inkişaf yoluna səfərbər olub. Eyni zamanda, həssas qrupların, o cümlədən müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, eləcə də müharibə əlillərinin, şəhid ailələrinin mənzillə, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı proqramlarının həyata keçirilməsinə başlanılıb.

Qeyd olunub ki, Azərbaycan 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sürətli inkişaf yolu keçib. Həmçinin Ulu Öndərin əsasını qoyduğu bütün sosial müdafiə tədbirləri kimi, müharibə əlillərinin minik avtomobilləri ilə təminat proqramı da uğurla davam etdirilir. 2018-ci ildə 265 müharibə əlili minik avtomobili ilə təmin edilib. Bu il isə həmin vətəndaşlara nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi gözlənilir. Bu ilin ötən dövründə onlardan artıq 150 nəfərinə minik avtomobili verilib. Bununla da indiyədək ümumilikdə 6300-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara təqdim edilib.

Aparat rəhbəri 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan üç dəfədən çox olmaqla 626 mənzil, indiyədək isə 6654 mənzil təqdim edildiyini, bu il həmin kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcəyini bildirib.

Tədbirdə çıxış edən ictimai təşkilatların rəhbərləri şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısının artırılması istiqamətində tədbirlərin getdikcə gücləndirilməsindən razı qaldıqlarını söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.