REGİONLAR
Milli Qurtuluş Günü ilə xalqımızın tarixində yeni bir dövr başlandı
Sumqayıt, 15 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı "Kimyaçı" Mədəniyyət Sarayında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş ümumşəhər bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, səhnədəki böyük monitorda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təntənəsini özündə ehtiva edən sənədli film nümayiş etdirilib.
Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı ilə dövlətimizin idarəçilik sükanı təcrübəli, müdrik dövlət xadiminin əlinə keçdi. Beləliklə, xalqımızın tarixində yeni bir dövr başlandı. Bu dövrün başlanğıcı - 1993-cü ilin 15 iyun günü tariximizə Qurtuluş Günü kimi daxil oldu.
Vurğulanıb ki, Azərbaycanı öz varlığı qədər sevən Heydər Əliyev onun gözəl bir guşəsi olan, bu yaxınlarda 70 illiyini qeyd edəcəyi Sumqayıtı da çox sevirdi. Ulu Öndər Sumqayıtı bütün Azərbaycanın gözəl təcəssümü adlandırır və onun tərəqqisi üçün mümkün olan hər şeyi edirdi. Sumqayıtlılar bu diqqət və qayğını həmişə hiss ediblər. Siyasi hakimiyyətdə olduğu illərdə 16 dəfə Sumqayıta gələn Heydər Əliyevin hər səfəri sumqayıtlılara böyük sevinc yaşadıb.
Diqqətə çatdırılıb ki, Azərbaycanın sürətli inkişaf dövrü Milli Qurtuluş Günü ilə başlayıb. Ulu Öndərin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.
Sonra respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.