CƏMİYYƏT
Milli Qurtuluş Gününə həsr olunmuş sularda xilasetmə çoxnövçülüyü üzrə çempionata yekun vurulub
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin struktur bölmələri arasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş sularda xilasetmə çoxnövçülüyü üzrə çempionat başa çatıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov mükafatlandırılma mərasimində qalibləri təbrik edib.
İttifaqın sədri bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edib. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürüb. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olub. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunub və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Natiq çıxışının sonunda vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmayacaq və 15 iyun - Milli Qurtuluş Günü hər il yüksək əhval-ruhiyyə ilə qeyd olunacaq.
İki gün davam edən yarışda ümumilikdə 15 komanda iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Zuğulba Dalğıc Axtarış Qrupunun, Bilgəh Sularda Xilasetmə Məntəqəsinin və Corat Sularda Xilasetmə Məntəqəsinin komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
Sonda qaliblərə FHN işçilərinin həmkarlar ittifaqının kubok, medal, diplom və qiymətli hədiyyələri təqdim edilib.