REGİONLAR
Milli Qurtuluş Gününə həsr olunmuş voleybol turnirinin qalibləri mükafatlandırılıb
Sumqayıt, 12 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş voleybol turniri keçirilib. Yarış şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi və Sumqayıt regional “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən turnirdə 6 komanda iştirak edib. Final mərhələsinə vəsiqə qazanmış komandaların gərgin mübarizəsi nəticəsində YAP Sumqayıt şəhər Təşkilatının Gənclər Birliyini təmsil edən komanda 1-ci, Sumqayıt regional “ASAN xidmət” Mərkəzini təmsil edən komanda 2-ci, GİKM Sumqayıt nümayəndəliyini təmsil edən komanda 3-cü yeri qazanıb.
Yarışın mükafatlandırma mərasimində Milli Məclisin deputatı Müşfiq Məmmədli də iştirak edib. O, qalibləri təbrik edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın ən yeni tarixində misilsiz xidmətindən danışıb. Qeyd edib ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan ən böyük azərbaycanlı - Heydər Əliyevdir. Deputat, həmçinin Ulu Öndərin idmana və onun inkişafına verdiyi töhfələrdən nümunələr gətirib.
Qaliblərə kubok, diplomlar, fəxri fərman təqdim olunub.