REGİONLAR


Milli Qurtuluş Gününün 25-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlər keçirilib

Naxçıvan, 15 iyun, AZƏRTAC

Ulu öndər Heydər Əliyev 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin şəraitdə ölkəmizin xilası, müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın qədim dövlətçilik ənənələrinin bərpa olunması istiqamətində misilsiz xidmətlər göstərib.

Bu fikir Milli Qurtuluş Gününün 25 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatının keçirdiyi tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev tərəfindən səsləndirilib.

“Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması ölkəmizin tarixində dönüş nöqtəsi oldu. Məhz həmin gündən Azərbaycanın başı üzərini almış qara buludlar dağılmağa, respublikamız işıqlı sabahlara doğru inamla addımlamağa başladı”, – deyən Əmir Babayev vurğulayıb ki, Ulu Öndərin misilsiz fəaliyyəti nəticəsində respublikamız hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoydu. Ümummilli Lider Azərbaycanı dünyaya tanıtdı, onu beynəlxalq aləmdə nüfuz sahibi etdi.

Əmir Babayev qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır. Ölkəmiz yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Təbii ki, bütün bu uğurların qazanılması cəmi 27 illik müstəqillik tarixi olan bir dövlət üçün böyük qələbədir.

Sonra məruzə ətrafında çıxışlar olub. Çıxışlarda bildirilib ki, Azərbaycanın qədim torpağı olan Naxçıvan da Milli Qurtuluşun işığında böyük və şərəfli yol keçib. Muxtar respublikada ardıcıl olaraq həyata keçirilən genişmiqyaslı quruculuq işləri, əhəmiyyətli layihələr onun sosial-iqtisadi inkişafını təmin edib. Bunu Şərur rayonunun timsalında da aydın görmək mümkündür. Aparılan kompleks quruculuq işləri nəticəsində yeni görkəm alan Şərur şəhəri və rayonun kənd yaşayış məntəqələri müasirliyə qovuşub.

X  X  X

YAP Babək rayon təşkilatının Milli Qurtuluş Günü ilə əlaqədar keçirdiyi tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədovun məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, 1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev dövlət müstəqilliyimizin itirilməsinin, siyasi qarşıdurmalar nəticəsində vətəndaş müharibəsinin yaranmasının və ölkənin parçalanmasının qarşısını alaraq müstəqil Azərbaycan Respublikasının memarına çevrilib. Ulu Öndərimiz fəaliyyətində daim ümumxalq mənafeyindən çıxış edib və hakimiyyətdə olduğu hər iki dövrdə mənalı həyatını və siyasi fəaliyyətini bu amala həsr edib.

İsa Məmmədov deyib ki, xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun böyük əhəmiyyətə malik bir gündür. Həmin gün Azərbaycan xalqı məhv olmaq, dövlətimiz tarix səhnəsindən silinmək təhlükəsindən xilas oldu. Bu qurtuluşu və nicatı isə xalqına bəxş edən ulu öndərimiz, dahi azərbaycanlı Heydər Əliyevdir.

Təşkilatın sədri Ümummilli Liderin siyasi kursunun bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, dahi şəxsiyyətin müəyyən etdiyi siyasi xəttə sadiqlik Naxçıvan Muxtar Respublikasını da yeni inkişaf mərhələsinə yüksəldib.

Məruzə ətrafında rayon icra hakimiyyəti başçısının müavini, YAP Babək rayon təşkilatının şura üzvü Nihal Məmmədov, Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli, Nehrəm kənd sahə xəstəxanasının baş həkimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Hüseyn Niftəliyev və digərləri çıxış ediblər.

Sonda tədbir bədii hissə ilə davam edib, Milli Qurtuluş Gününə həsr olunmuş sənədli filmə baxış olub. Məktəblilərin ifasında Ümummilli Liderə həsr olunmuş şeir və mahnılar səslənib.

X  X  X

15 İyun – Milli Qurtuluş Gününün 25 illiyi ilə əlaqədar YAP Culfa rayon təşkilatının keçirdiyi tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, təşkilatın sədri Qadir İbrahimov məruzəsində bildirib ki, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlanan qurtuluş mübarizəsi özünün yeni – həlledici mərhələsinə qədəm qoydu. Müstəqilliyimizi, dövlətçiliyimizi qorumaq yolunda Ümummilli Liderimiz ictimai-siyasi sabitliyin pozulduğu dövrdə, düşmən qüvvələrin törətdiyi təxribatların artdığı bir zamanda hər cür çətinliyə sinə gərərək Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. Bundan dərhal sonra hakimiyyət boşluğu aradan qaldırıldı, separatçı və cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Milli Ordumuz formalaşdı, atəşkəs haqqında razılaşma əldə edildi. Müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu. Bazar iqtisadiyyatı formalaşmağa başladı. Torpaq və aqrar islahatlar keçirildi, sahibkarlıq inkişaf etdirildi. Ümummilli liderimiz Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan dövləti Onun rəhbərliyi ilə qısa zaman kəsiyində beynəlxalq aləmdə tanınan dövlətə çevrildi.

Qadir İbrahimov diqqətə çatdırıb ki, əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası, quruculuq tədbirləri bugünkü inkişaf etmiş Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da sədaqət və əzmkarlıqla həyata keçirilir. Muxtar respublikanın hər bir bölgəsində olduğu kimi, Culfa rayonunda da quruculuq, abadlıq, yaşıllaşdırma işləri geniş vüsət alıb, yeni parklar salınıb, yollar abadlaşdırılıb. Culfa şəhəri və kəndlərin siması tamamilə dəyişir, yeniləşir, müasirləşir, şəhər və kənd arasında fərq aradan qaldırılır.

Tədbirdə YAP Culfa rayon təşkilatının şura üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fərəc Fərəcov, təşkilatın Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə, Qadınlar Şurasının sədri Xanım Tağıyeva, Saltaq kənd ərazi ilk təşkilatının sədri Mahir Əsgərov çıxış ediblər.

Son YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

X  X  X

YAP Kəngərli rayon təşkilatı tərəfindən keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyevanın məruzəsi dinlənilib. Qeyd olunub ki, bu il Azərbaycan böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan Milli Qurtuluş Gününün 25-ci ildönümünü qeyd edir. Vətənini, xalqını, dövlətini sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələrin canlı şahidi olan insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə müstəqil Azərbaycanın gələcək inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və ona arxa-dayaq olan böyük insan – ulu öndər Heydər Əliyevdir.

“Ötən əsrin sonlarında Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, vətəndaş qarşıdurması, torpaqlarımızın bir-birinin ardınca işğal edilməsi ölkəmizi məhv olmaq, dağılmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkəmizi xaos və hərc-mərclikdən, parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etdi”, - deyən Sevda Quliyeva vurğulayıb ki, qısa vaxtda yaradılan siyasi sabitlik nəticəsində dahi rəhbər bütün sahələrdə respublikanın sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlayıb həyata keçirdi. Qonşu ölkələrlə münasibətlər bərpa olundu, dünyanın inkişaf etmiş ölkələri ilə xalqımızın və dövlətimizin milli maraqlarına uyğun diplomatik əlaqələr quruldu.

Sevda Quliyeva diqqətə çatdırıb ki, Azərbaycan ötən 25 il ərzində böyük inkişaf yolu keçib. Qazanılan bütün nailiyyətlər Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun ölkə başçısı tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə edilib. Görkəmli dövlət xadimi Heydər Əliyevin inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən dövlətinə çevrilib.

Təşkilat sədri bildirib ki, Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında inkişafın keyfiyyətcə yeni və uğurlu mərhələsinə qədəm qoyub. Bu uğurlar sosial-mədəni həyatın bütün sahələrində dinamik inkişafa təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Naxçıvan bu gün mühüm beynəlxalq tədbirlərin, zirvə görüşlərinin keçirildiyi, mötəbər idman yarışlarının təşkil edildiyi bir məkandır. Məhz bu inkişafın sayəsində Naxçıvan bu gün İslam Mədəniyyətinin, həmçinin ölkəmizin Gənclər Paytaxtı kimi mühüm statusları daşıyır.

Tədbirdə YAP Kəngərli rayon təşkilatının Şura üzvləri Hacırəddin Mehbalıyev, Tahir Məmmədov, partiyanın gənc üzvü Türkan Cəfərli çıxış ediblər.

Sonra bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olunub.

Sonda tədbir iştirakçıları Qurtuluş Gününə həsr olunmuş filmə baxıblar.

X  X  X

YAP Şahbuz rayon təşkilatında Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rizvan Məmmədov çıxış edərək müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyundan başlayaraq müstəqilliyimizin qorunması istiqamətində görülən işlərdən danışıb. Rizvan Məmmədov vurğulayıb ki, böyük şəxsiyyət Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən xilas olub. Ötən əsrin 90-cı illərində Azərbaycan xalqının başı üstünü almış təhlükənin aradan qaldırılmasına, dövlətçiliyimizin xilasına və bugünkü sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza görə Milli Qurtuluş Gününə borcluyuq. Bu gün həm də ona görə müqəddəsdir ki, həmin tarix Ulu Öndərin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır.

1993-cü ilin iyununda Azərbaycan “ölüm və ya olum” dilemması qarşısında qalmışdı. Məhz o zaman dahi rəhbər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlanan qurtuluş mübarizəsi özünün yeni həlledici mərhələsinə qədəm qoydu. Bu fikirləri vurğulayan Rizvan Məmmədov diqqətə çatdırıb ki, müdrik siyasətçi vaxtilə qurub-yaratdığı Azərbaycanda vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı.

Tədbirdə YAP Şahbuz rayon təşkilatının şura üzvü, Badamlı qəsəbə tam orta məktəbinin direktoru Hilal Paşayev, Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin ərazi ilk təşkilatının sədri Günel Əliyeva, rayon təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin üzvü Aytac Eylazova çıxış ediblər.

X  X  X

YAP Sədərək rayon təşkilatında Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan başlanan yol” mövzusunda keçirilən tədbirdə çıxış edən YAP Partiyası Sədərək rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov bildirib ki, xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən mühüm tarixi addımlar ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atılıb.

“1993-cü ilin iyununda – son dərəcə mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin etməklə, vətəndaş qarşıdurmasını aradan qaldırmaqla, ölkəmizi parçalanmaq təhlükəsindən hifz etməklə, sözün əsl mənasında, milli qurtuluşu təmin etdi”, – deyən Arif Qasımov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkəmizin çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Məhz bu qayıdış sayəsində Azərbaycan üçün çoxdan hazırlanan məkrli planların qarşısına möhkəm sipər çəkildi, siyasi varlığımıza doğru uzanan xain əllər kəsildi, dövlətimizin müstəqilliyi əbədi, dönməz, sarsılmaz oldu.

Təşkilatın sədri Ümummilli Liderin siyasi kursunun bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası son illər əsrə bərabər inkişaf yolu keçib. Bu yol Qurtuluşdan başlanan yoldur.

Tədbirdə çıxış edən partiya fəalları ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıblar.

Sonda bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olunub, rayon məktəbliləri tərəfindən Milli Qurtuluş Gününə həsr edilən şeirlər bədii qiraət edilib.

 

AZƏRTAC-ın Naxçıvan bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.