MƏDƏNİYYƏT


Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə tədbirlərlə qeyd edəcək

Bakı, 4 may, AZƏRTAC

Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış”dır.

Azərbaycan Milli Xalça Muzeyi koronavirus təhlükəsini nəzərə alaraq, bu il də Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə tədbirlərlə qeyd edəcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, belə tədbirlərdən biri mayın 18-də, saat 19:00-da muzeylər arasında ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi tərəfindən keçiriləcək “Nə? Harada? Nə zaman?” intellektual oyunudur. “Zoom” proqramı vasitəsilə, Azərbaycan dilində baş tutacaq oyunda 20 komanda iştirak edəcək və oyun muzeyin rəsmi feysbuk səhifəsindən canlı olaraq yayımlanacaq. Qeyd edək ki, iştirakçılara ünvanlanacaq sualların mövzusu incəsənət sahəsini əhatə edəcək, o cümlədən dünya muzeyləri, xalçaçılıq sənəti və Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı olacaq.

İntellektual və yaradıcılıq imkanlarını sınamaq istəyən hər kəsi oyuna qatılmağa dəvətlidir. Bunun üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz.

https://form.jotform.com/211223719513448

İştirakçı komandaların sayı məhduddur, ona görə də qeydiyyatdan keçən ilk 20 komanda iştirak haqqı qazanacaq, digər komandalar gözləmə siyahısında yer alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.