ELM VƏ TƏHSİL
Milli antiplagiat xidmətinin yaradılması konsepsiyası işlənilir
Bakı, 16 iyul, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Milli antiplagiat xidmətinin yaradılması konsepsiyası işlənilir.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İnstitutun elmi seminarında Mədinə Səidova rəhbərlik etdiyi şöbədə aparılan elmi-tədqiqat işlərindən söz açıb, e-elm və elmmetriya problemləri istiqamətində araşdırmaların davam etdirildiyini bildirib. O, cari ildə “Antiplagiat sistemlərinin analizi və milli antiplagiat xidmətinin yaradılması konsepsiyasının işlənilməsi” mövzusu üzrə görülən işlər barədə məlumat verib. Qeyd edib ki, mövzu çərçivəsində plagiatlıq və piratçılıq anlayışları, plagiatlığın növləri və onu yaradan səbəblər müəyyənləşdirilib. Plagiatlıqla mübarizə metodları, o cümlədən antiplagiat proqram vasitələri əsas göstəricilərə görə təhlil edilib. Azərbaycanda antiplagiat xidmətləri araşdırılıb və İnformasiya Texnologiyaları İnstitutunda Plagiatlıqla Mübarizə Xidməti fəaliyyətə başlayıb.
Məruzəçi şöbədə, həmçinin “DOI-verilənlərin intellektual analizi (DOI-data mining)” mövzusu üzrə elmi araşdırmaların davam etdirildiyini bildirib. O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülən işlərdən bəhs edib.
AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Rasim Əliquliyev hesabatla bağlı təklif və tövsiyələrini səsləndirib. Aparılan elmi araşdırmaların davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Sonra şöbənin hesabatına dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.