İDMAN
Milli atçılıq mədəniyyətimizin London təntənəsi VİDEO
Bakı, 22 dekabr, AZƏRTAC
Londonda ənənəvi olaraq təşkil edilən və 111 illik tarixə malik Olimpiya Beynəlxalq Atçılıq Şousunda Azərbaycan təmsilçilərinin valehedici çıxışları tamaşaçıları riqqətə gətirib, ingiltərəli atçılıq idmanı həvəskarlarının qəlbində Qarabağ atlarının coşqusunu alovlandırıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmüş Azər Həmzəyevin rəhbərlik etdiyi DSX-nin süvarilər dəstəsinin Qarabağ atları üzərində əzəmətli musiqimizin sədaları altında Xidmətin rəqs ansamblının müşayiəti ilə möhtəşəm çıxışları “BBS Red Button” telekanalında canlı nümayiş etdirilib. Azərbaycan təmsilçilərinin nümunəvi çıxışları, o cümlədən atçılıq həvəskarı olan sosial şəbəkə istifadəçilərinin və ixtisaslaşmış informasiya resurslarının əsas mövzusuna çevrilib.
Londondakı tədbirin rəsmi internet səhifəsi olan “www.olimpia-horseshow.com” saytında Azərbaycan atçılarının “Odlar Yurdu Azərbaycan və Qarabağ atları” adlı şou-proqramının izləyicilərin qəlblərini fəth edəcək çıxışlar kimi təqdim olunması təkcə təşkilatçıların deyil, britaniyalı bütün at sevərlərinin füsunkar Qarabağ atlarına heyranlığının və məftunluğunun növbəti ifadəsi olub.
Odlar Yurdunun mədəni dəyərlərinin carçısı olmaqla, Qərb sivilizasiyasının mühüm mərkəzlərindən olan Londonda Şərq dünyasının qədimliyini və özünəməxsus gözəlliyini tərənnüm edən Qarabağ atlarının Böyük Britaniya atçılığının ən mötəbər tədbirində möhtəşəm şou-proqramın əsas hissəsi kimi təqdim edilməsi milli at cinslərimizin dünya miqyasında daha da məşhurlaşdırılması istiqamətində son illər həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində milli atçılığımızın inkişafında önəmli nəticələrin əldə edilməsi, o cümlədən yeni atçılıq zavodlarının fəaliyyətə başlaması, atçılıq idmanı üzrə Azərbaycan təmsilçilərinin mühüm qələbələrə imza atmaları, təkcə 2018-ci ildə polo üzrə yüksək səviyyəli iki beynəlxalq turnirin mükafatçıları sıralarında yer tutması, çövkən kimi milli atçılıq oyunlarımızın inkişaf etdirilməsi, Böyük Britaniya taxt-tacının sahibi II Elizabetin doğum günü münasibətilə təşkil olunan atçılıq tədbirlərində Qarabağ atlarının artıq ənənə halını almış çıxışları, bu ilin mayında keçirilmiş bu cür sonuncu tədbirdə Böyük Britaniya Kraliçasının məhz Qarabağ atlarının çıxışını izləmək üçün bir neçə dəfə tədbirə təşrif buyurması milli at cinslərimizin tanıdılması üzrə həyata keçirilən fəaliyyətin uğurlu nəticəsi olmaqla yanaşı, həm də Qarabağın Azərbaycanın əzəli və ayrılmaz hissəsi olmasının düşüncələrə həkk edilməsi üçün ciddi əhəmiyyət kəsb edir.
Böyük Britaniya kral ailəsi üzvlərinin mütləq iştirakı ilə keçirilən “Olimpiya Beynəlxalq Atçılıq Şousu”nda dekabrın 21-də yeddi mindən çox tamaşaçının günün birinci və ikinci yarısında iki dəfə izlədiyi “Odlar Yurdu Azərbaycan və Qarabağ atları” adlı şou-proqramı Böyük Britaniya aristokratiyasının və məşhurlarının böyük marağına səbəb olub. Onlar maraqlı şouya görə Azərbaycan nümayəndə heyətinə minnətdarlıqlarını bildiriblər.