SİYASƏT


Milli birliyin və Vətən uğrunda savaşın rəmzi olan “Dəmir yumruq”

Bakı, 27 sentyabr, AZƏRTAC

Son iki yüz il ərzində regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. Ermənilərin "tarixi əzəli torpaqları"nı yaratmaq siyasəti mərhələ-mərhələ həyata keçirilib. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yəni keçmiş İrəvan xanlığı ərazisində kiçik Ermənistan Respublikasını yaradıb, tədricən onun ərazisini böyüdüblər. İran və Rusiya arasında "Gülüstan", "Türkmənçay", Rusiya və Türkiyə arasında "Andrianopol" müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov söyləyib.

YAP Nəsimi rayon təşkilatının sədri deyib ki, 1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə qalmış oldu. Vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyası ortaya atılır. Həmin dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə getməyə məcbur olurlar. Ermənipərəst qüvvələrin və millətçilərin yürütdükləri məkrli siyasət nəticəsində 1923-cü ildə Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. Bundan sonra azərbaycanlıların öz doğma ocaqlarından zorla qovulması və onlara qarşı etnik təmizləmə siyasətinin yeni mərhələsi başlanır. Nəticədə XX əsrin müxtəlif dövrlərində iki milyona yaxın soydaşımız öz tarixi torpaqlarından qovulur, etnik təmizləmə siyasətinin qurbanına çevrilərək didərgin salınırlar. Bizim əzəli torpaqlarımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar üzərində indi Ermənistan dövləti yaradılıb. Təbii ki, Azərbaycanın əsrlərə söykənən tarixi faktları kifayət qədərdir ki, hər bir ərazimizin coğrafi-tarixi mənbələrini əsaslandırmağa dəlillərimiz var.1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu. Ötən əsrin 90-cı illərində baş verən hadisələr Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri Azərbaycana qarşı hərbi təcavüzlə nəticələndi. 1990-cı illərin əvvəlində Azərbaycan olduqca mürəkkəb vəziyyətlə qarşı-qarşıya idi və siyasi, iqtisadi böhran dərin tənəzzülə yol açmışdı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir Liderə ehtiyac olduğunu şərtləndirirdi. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı bizi milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin mükəmməl konsepsiyasını yaratdı. Dahi şəxsiyyətin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf yoluna qədəm qoydu. Bildiyimiz kimi, 1918-ci il martın 31-dən aprelin 2-dək Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər yaşayış məntəqələrində kütləvi qırğınlar törədilib. Aradan uzun illər keçsə də, erməni cəlladlarının törətdikləri o qanlı hadisələr, ağlasığmaz vəhşiliklər xalqımız tərəfindən unudulmadı.

Vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla həmin dəhşətli hadisələrə siyasi qiymət verilib. 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmiş və hər il dövlət səviyyəsində qeyd olunur. 1994-cü ilin mayında Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan “Bişkek protokolu” imzalansa da, 26 illik atəşkəs rejimində Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində cəbhədə atəşkəs rejimi dəfələrlə pozuldu. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul etsə də, beynəlxalq hüququn normalarını kobud şəkildə pozub. Bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyiblər və işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın azğınlığına laqeydlik göstərmişdilər. Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən bu gün müasir dövrün tələbləri və reallıqlarına müvafiq Azərbaycan inkişaf edir. 2020-ci ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistanın çirkin niyyət və planlarını əks etdirirdi. Ermənistanın bu və ya digər təxribatları Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi və Azərbaycan Ordusunun gücü, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi nəticəsində təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi.

A.Süleymanov qeyd edib ki, 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan döyüş meydanında artıq uduzduğunu ilk günlərdən dərk etdi. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi. "Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik", - deyən Prezident İlham Əliyev bildirib ki, biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik: “Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq. Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu… Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi. Bizi heç kim və heç nə dayandıra bilməzdi".

YAP Nəsimi rayon təşkilatının sədri diqqətə çatdırıb ki, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanatla 2020-ci il noyabrın 10-da münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırıldığı elan olundu. Təbii ki, Qələbə naminə neçə-neçə oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə yüksəldilər. Dövlətimizin başçısının Sərəncamı ilə 27 sentyabr Azərbaycanda Anım Günü kimi təsis edilib. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın əlamətidir. Dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın hərbi gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən "Dəmir yumruq" əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.