İQTİSADİYYAT
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” müzakirə olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” üzrə işçi müzakirələri keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, işçi qrupunun müzakirələri ağır sənaye və maşınqayırma, kommunal xidmətlər, logistika və ticarət mövzularını əhatə edib. Müzakirələrə Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının sədri Natiq Əmirov rəhbərlik edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən işçi müzakirələrində mövzuya müvafiq olaraq dövlət qurumlarının, o cümlədən İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nümayəndələri, həmçinin müstəqil ekspertlər iştirak ediblər.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədinin ilkin layihələri üzrə müvafiq şəxslərə tapşırıqlar verilib.