REGİONLAR
Milli iqtisadiyyatın strateji yol xəritəsi Şimal bölgəsinin ictimaiyyəti ilə müzakirə edilib VİDEO
Xaçmaz, 18 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 18-də Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşəbbüsü ilə Xaçmaz şəhərində "Milli iqtisadiyyat və iqtisadiyyatın başlıca sektorları üzrə strateji yol xəritəsi"nin ictimai müzakirəsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilən müzakirələrə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının icra strukturlarının rəhbər şəxsləri, bölgə sahibkarları və ictimaiyyət nümayəndələri qatılıblar.
Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və ADA Universitetinin prorektoru Emin Hüseynov məruzə ilə çıxış ediblər.
Görüşdə bildirilib ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın başlıca sektorları üzrə strateji yol xəritəsi”nin təkmil bir sənəd kimi formalaşması üçün həm yerli, həm də beynəlxalq mütəxəssislər və ictimaiyyətin bütün təbəqələri ilə geniş müzakirələr aparılır.
Müzakirələrdə aqrar sektor, ərzaq sənayesi, turizm, ictimai iaşə, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı təkliflər səsləndirilib.
Səsləndirilən təkliflər sistemləşdirilərək təhlil olunacaq və gələcək fəaliyyətdə nəzərə alınacaq.