QAN YADDAŞI
Milli istiqlal mübarizəsi tarixində 31 mart soyqırımı
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Azərbaycan Dillər Universitetinin (ADU) beynəlxalq münasibətlər və xarici dillərin tədrisi metodikası kafedralarında 31 mart soyqırımına həsr olunan tədbirlər keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, “Milli istiqlal mübarizəsi tarixində 31 mart soyqırımı” mövzusunda təşkil olunan tədbirdə universitetin beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aida Yusifzadə azərbaycanlılara qarşı törədilən qanlı hadisələrdən danışıb. O, tədbirin ermənilərin azərbaycanlılara qarşı yürütdüyü etnik təmizlənmə siyasəti nəticəsində həlak olan çoxlu sayda həmvətənimizin əziz xatirəsinə həsr olunduğunu deyib. Diqqətə çatdırılıb ki, mart hadisələrinin 80-ci ildönümü ərəfəsində - 1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olub.
Milli Məclisin deputatı, politoloq Çingiz Qənizadə azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından didərgin salınması haqqında məlumat verib. Bölgələrimizdə həyata keçirilən bu qırğının araşdırılması, ona beynəlxalq hüquqi qiymət verilməsi istiqamətində Azərbaycan hökumətinin mühüm addımlar atdığını qeyd edən Ç.Qənizadə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun son 200 ildə xalqımıza qarşı törədilən faciələrə dair tarixi faktları araşdırması üçün münbit şəraitin yaradıldığını söyləyib. O, ölkə ərazisində kütləvi surətdə qətlə yetirilən dinc əhali, yandırılmış kəndlər, dağıdılıb məhv edilmiş milli mədəniyyət abidələrinin statistik göstəricilərini və digər tarixi, siyasi faktları diqqətə çatdırıb.
Universitetin xarici dillərin tədrisi metodikası kafedrasında keçirilən tədbirdə 31 mart soyqırımının başvermə səbəbləri və nəticələri haqqında müzakirələr aparılıb.
ADU-nun tərcümə və mədəniyyətşünaslıq, beynəlxalq münasibətlər və idarəetmə, təhsil fakültələrində də 31 mart soyqırımının 100 illiyi ilə bağlı tədbirlər təşkil olunub, faciə qurbanlarının əziz xatirəsi yad edilib.