ELM VƏ TƏHSİL
Milli məkan verilənləri infrastrukturunun informasiya təhlükəsizliyi məsələləri tədqiq olunub
Bakı, 2 dekabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda milli məkan verilənləri infrastrukturunun informasiya təhlükəsizliyi məsələləri tədqiq olunub.
Bu barədə şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev növbəti onlayn elmi seminarda məlumat verib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi seminarda Y.İmamverdiyev müasir coğrafi informasiya sistemləri (CİS), onların əsas komponentləri, verilənlərin təsvir metodları, açıq kodlu və kommersiya proqram təminatı barədə danışıb. O, CİS-in tətbiq sahələrini nəzərə çatdıraraq bu sistemi milli təhlükəsizliyin əsas informasiya təminatı komponentlərindən biri kimi xarakterizə edib.
Daha sonra alim CİS tətbiqlərində əsas koordinat sistemi olan GPS (Global Positioning System) və onun komponentləri, Yerin məsafədən öyrənilməsinin peyk sistemləri barədə məlumat verib. CİS sahəsində elmi tədqiqat istiqamətləri və mövzuları, qabaqcıl tədqiqat qrupları, bu sahədə aparıcı universitetlərin magistr və doktorant hazırlığı proqramları, elmi və elmi-kütləvi jurnallar, beynəlxalq təşkilatlar barədə məlumatları diqqətə çatdırıb.