ELM VƏ TƏHSİL
Milli-mənəvi birliyimiz 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Qeyd olunub ki, universitet rəhbərliyi ulu öndər Heydər Əliyevin büstü və ADU şəhidlərinin xatirə lövhəsi önünə güllər düzüblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rektor Kamal Abdulla şəhidlərin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını bildirib: “Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğullarının çiyinlərində yüksəlir. Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!”
Azərbaycan xalqının müharibədən qalib çıxdığını qeyd edən rektor bu tarixi uğura görə şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandan, Prezident İlham Əliyevə borclu olduğumuzu söyləyib. Vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsindəki cəsarəti, inamı və qətiyyəti hesabına bütün dünya dövlətləri haqq savaşında kimin kim olduğunu gördü. Dövlətimizin başçısının uzaqgörən və müdrik siyasəti nəticəsində haqq savaşımız bir çox ölkələr tərəfindən düzgün qarşılandı. Bu da tarixi uğur idi. Bu uğuru hər kəs öz işində, öz əməlində davam etdirməlidir.
Həmçinin ADU-nun şəhid məzunlarının qəhrəmanlığı, Vətən uğrunda canlarından keçməsi böyük qürur və fəxarətlə qeyd olunub.
Tədbir tələbələrin hazırladığı bədii kompozisiya ilə yekunlaşıb.