REGİONLAR
Milli mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın sərvətidir
Masallı, 7 iyun, Bağır Əliyev, AZƏRTAC
Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən adət-ənənələrimizi, milli mənəvi dəyərlərimizi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir iyunun 7-də Masallı şəhərindəki Gənclər Mərkəzində “Milli mənəvi dəyərlərimiz, adət və ənənələrimiz xalqımızın sərvətidir” mövzusunda keçirilən konfransda səsləndirilib.
Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Camal Manafovun mövzu ilə bağlı məruzəsi dinlənilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hər zaman milli mənəvi dəyərlərimizə, adət-ənənələrimizə yüksək diqqət və qayğı göstərdiyini vurğulayan C.Manafov Ulu Öndərin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, hər bir xalqı dünyada tanıdan və digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri onun milli mənəvi dəyərləri, adət-ənənələridir. Qloballaşan dünyada milli adət-ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəməxsus adət-ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edir.
Rayon təhsil şöbəsinin metodisti Gülağa Məmmədov çıxışında ölkəmizdə, o cümlədən Masallı rayonunda milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunması və inkişafı, eləcə də dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən danışıb.
Açıq diskussiya şəklində davam edən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.