ELM VƏ TƏHSİL
“Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa” mövzusunda respublika elmi konfransı
Bakı, 5 may, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə mayın 5-də “Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa” mövzusunda respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra DQİDK-nın sifarişi ilə çəkilmiş “Şuşa – mənəviyyat incisi” filmi nümayiş olunub.
Dosent Anar Qafarovun moderatorluğu ilə keçirilən plenar iclasda Aİİ-nin rektoru Aqil Şirinov çıxış edib. Rektor Aİİ-nin yeni inzibati binasında ilk tədbirin məhz Şuşa mövzusunda konfransa həsr olunmasının önəminə diqqət çəkib. Konfransın Ulu Öndərin anadan olmasının ildönümünə təsadüf etdiyini və Heydər Əliyevin Şuşa ilə bağlı fəaliyyətini diqqətə çatdıran rektor Vətən müharibəsində şəhid olanları yad edib, qazilərə Allahdan şəfa diləyib.
DQİDK-nın sədri Mübariz Qurbanlı çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı Sərəncamından irəli gələrək təşkil olunan konfransın işini yüksək qiymətləndirib. O, ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafındakı rolu barədə danışaraq dahi şəxsiyyətin misilsiz xidmətlərini qeyd edib. Mübariz Qurbanlı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan geniş quruculuq işlərinə, Heydər Əliyev Fondunun xalqımıza məxsus mədəni-dini irsin yenidən dirçəldilməsi istiqamətindəki fəaliyyətinə də diqqət çəkib.
Şuşanın Azərbaycan tarixindəki müstəsna yerini vurğulayan Komitə sədri burada elm adamlarının, tarixi şəxsiyyətlərin yetişəcəyinə ümidvar olduğunu bildirib. O, Aİİ tələbələrinin və əməkdaşlarının milli-mənəvi dəyərlərin təbliği və təşviqi istiqamətində öz sözlərini deyəcəklərinə əmin olduğunu vurğulayıb.
Aİİ-nin fəaliyyətinə toxunan sədr bu il ilk məzun buraxılışı olacaq ali təhsil müəssisəsinə uğurlar arzulayıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Azərbaycanda hökm sürən multikultural dəyərlərə, tolerantlığa diqqət çəkərək, Aİİ-nin din təhsili sahəsində fəaliyyətini yüksək qiymətləndirib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Aİİ-nin yeni inzibati binasında konfransın təşkilini yüksək qiymətləndirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun şücaəti sayəsində torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb. C.Məmmədov şəhərin bərpası ilə bağlı məsələləri diqqətə çatdırıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Şuşanın işğal dövründə talan edilməsi və abidələrinin dağıdılması məsələlərinə toxunub. İcraçı direktor Şuşanın bərpası ilə bağlı fəaliyyət göstərən komissiyanın üzvü olduğunu və bütün prosesin birbaşa Şuşa şəhərinin qorunmasına, yenidən qurulmasına, öyrənilməsinə, inkişafına və təbliğinə yönəldiyini vurğulayıb. R.Həsənov Mənəvi Dəyərlərin Təbliği Fondu və Mədəniyyət Nazirliyi ilə birlikdə Şuşa haqqında ingilis və Azərbaycan dillərində nəşr etdirdikləri kitabı Aİİ-yə hədiyyə edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov qeyd edib ki, uzun illər torpaqlarımızın işğalından aldığımız sarsıntı ilə böyüdük. Bugünkü nəsil xoşbəxtdir ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfər Gününü gördü.
İlahiyyat fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Vüqar Məmmədovun anası Əsmər Məmmədova qeyd edib ki, övladı Qarabağın azadlığı uğrunda canından keçib, müharibənin 14-cü günü şəhid olub. Aprel döyüşlərində də iştirak etmiş Vüqar son arzusunu yerinə yetirərək kəşfiyyatçı kimi döyüşlərə qoşulub. Oğlunun ən böyük arzusu Şuşanı azad görmək idi. Şükürlər olsun ki, onun bu arzusu gerçəkləşdi.
Konfrans panellərlə davam edib.