CƏMİYYƏT
Milli parklarda "açıq qapı" günü keçiriləcək
Bakı, 1 mart, AZƏRTAC
Vəhşi Təbiətin Mühafizəsi Günü ilə əlaqədar Azərbaycanın milli parklarında martın 3-də “açıq qapı” günü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu martın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaz-yay turizm mövsümünün açılışı, ekoturizm və milli parklara "açıq qapı" günü ilə əlaqədar keçirilən mətbuat konfransında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
“Həmin gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək. “Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir. “Açıq qapı” günlərinin bundan sonra da əlamətdar tarixlərdə keçirilməsi nəzərdə tutulur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi milli parklara dəvət edir", - deyə İradə İbrahimova bildirib.
Xatırladaq ki, hazırda Azərbaycanda 10 milli park var. Bunlar Abşeron, Altıağac, Şahdağ, Samur-Yalama, Şirvan, Hirkan, Ağgöl, Göygöl, Qızılağac, Zəngəzur milli parklarıdır.