SİYASƏT
Milli qurtuluşumuzun başlanğıcı olan 1993-cü il 15 iyun tarixi xalqımızın yaddaşında əbədi yaşayacaqdır
Ağdam, 14 iyun (AZƏRTAC, Tahir Ağaməmmədov). Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasi xadim Heydər Əliyevin Regional Mərkəzin qarşısındakı büstünü ziyarət edərək önünə gül dəstələri qoymuş, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbirdə çıxış edənlər 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyəti, hökm sürən hərc-mərcliyi ətraflı təhlil etmiş, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışlar. Bildirilmişdir ki, dahi rəhbərin 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz xaosdan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən xilas olmuş, siyasi sabitlik və inkişaf yoluna qədəm qoyulmuşdur.
Çıxışlarda 1993-cü il 15 iyun tarixinin Milli Qurtuluş Günü kimi xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanmışdır. Qeyd olunmuşdur ki, dahi öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan xalqı dövlətimizin başçısının rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır, ölkəmiz siyasi və iqtisadi cəhətdən qüdrətlənir.
Tədbirin sonunda “Sən elə bir zirvəsən...” adlı fotoslaydlar nümayiş olunmuşdur.