İQTİSADİYYAT
Milli sertifikat xidmətləri mərkəzi 100 mindən çox elektron imza sertifikatı təqdim edib
Bakı, 26 aprel, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli sertifikat xidmətləri mərkəzində elektron sənəd mübadiləsinin əsas vasitələrindən olan elektron imzanı hazırlamaq və istifadəçilərə elektron imza xidməti təqdim etməklə yanaşı, digər elektron imza mərkəzləri də akkreditasiya edilir və sertifikatlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə keçirilən konfransda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev bildirib.
Nazir müavini vurğulayıb ki, indiyədək mərkəz tərəfindən istifadəçilərə 100 mindən çox elektron imza sertifikatı təqdim edilib. Bu istiqamətdə atılan növbəti innovativ addım elektron imzanın yeni nəsil şəxsiyyət vəsiqələrində yerləşdirilməsidir.
Qeyd olunub ki, bununla bağlı “Microsoft” şirkəti ilə müqavilə imzalanıb. Gələn ilin əvvəlindən yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqində vətəndaşlar bu xidmətdən istifadə edəcəklər.