REGİONLAR


“Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” monoqrafiyasının təqdimatı olub

Naxçıvan, 14 oktyabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” adlı monoqrafiyasının təqdimatı olub.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Xalq şairi Məmməd Arazın çoxcəhətli və zəngin yaradıcılığına həsr edilən və müəllifin sayca 7-ci monoqrafiyası haqqında fikirlərini bildirib. Alim Xalq şairinin anadan olmasının 87-ci ildönümünə təsadüf edən bir gündə təqdimatın keçirilməsini xüsusi vurğulayıb.

Sonra institutun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Məmməd Araz milliliyinə elmi baxış” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Xalq şairi poetik yaradıcılığının, demək olar böyük qismini xalqımızın mənəvi mədəniyyətinin təbliği, milli ruhunun tərənnümü təşkil edir. Şairin milli zəmin üzərində köklənən misraları onu xalqın sevimlisinə çevirib, şeirləri dillər əzbəri olub, yaradıcılığı tədqiqatların əsas obyektinə çevrilib.

Vurğulanıb ki, sözügedən monoqrafiyada tədqiqatın obyekti bədii yaradıcılıq nümunələri olduğu üçün araşdırmanın ümumi ruhunda da elmiliklə yanaşı, bədiilik üstünlük təşkil edir. Bu da oxucuları elmi təhlillərlə yormur, əksinə elmi faktların bədii dillə yaddaqalıcı şəkildə mənimsənilməsinə kömək edir. Elxan Məmmədov müəllifə gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.

Təqdimat mərasimində Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçiləri, dosent Aygün Orucova və filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova çıxış edərək monoqrafiyanın ayrı-ayrı məziyyətlərindən söz açıblar.

Sonda müəllif Ramiz Qasımov şairin ədəbi irsinin bundan sonra da araşdırılması istiqamətində tədqiqatlarını davam etdirəcəyini qeyd edib, göstərilən diqqətə görə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.