DÜNYA
Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı xəstəxanaya yerləşdirilib
Ankara, 23 sentyabr, AZƏRTAC
Türkiyədə fəaliyyət göstərən Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sentyabrın 23-də xəstəxanaya yerləşdirilib.
AZƏRTAC MHP-nin yaydığı açıqlamaya istinadla xəbər verir ki, D.Baxçalının şüuru özündədir və hər şeyə aydın reaksiya verir. Onun səhhətində yaranan problem beynin qanaması və yaxud ürək çatışmazlığı il bağlı deyil.
Qeyd edək ki, D.Baxçalının səhhətində yaranan problem Türkiyənin siyasi gündəmində əsas mövzulardan birinə çevrilib. Buna səbəb hakim Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkat Partiyasının ölkədə keçirilmiş son seçkilərdə “Cümhur İttifaqı” blokunda birgə iştirak etmələridir. D.Baxçalının mətbuat katibi Murat Çelikerin açıqlamasına görə, xəstəliyin səbəbi infeksiya yoluxması və hərarətin yüksəkliyidir. Buna baxmayaraq bəzi KİV-lər müxtəlif məlumatlar yaymaqda davam edir. Hələlik Səhiyyə nazirliyi məsələ ilə bağlı açıqlama verməyib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara