CƏMİYYƏT
Mina təhlükəsi ilə mübarizə istiqamətində qurumlararası fəaliyyətin əlaqələndirilməsi mövzusunda tədbir keçirilib
Bakı, 8 fevral, AZƏRTAC
Mina təhlükəsi ilə mübarizə sahəsində qurumlararası birgə fəaliyyətin daha da gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşəbbüsü ilə “İşğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi ilə mübarizə: planlar, prioritetlər, kommunikasiya və maarifləndirmə” mövzusunda tədbir keçirilib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin aidiyyəti işçi qruplarında təmsil olunan dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov işğaldan azad edilmiş ərazilərin mina və partlayıcı sursatlarla kütləvi şəkildə çirklənmə miqyası, müvafiq qurumlar tərəfindən icra olunan genişmiqyaslı minatəmizləmə əməliyyatları və mina təhlükəsi ilə mübarizə sahəsində digər fəaliyyətlər barədə məlumat verərək mövzunun əhəmiyyətini vurğulayıb.
Tədbirdə işğaldan azad olunmuş ərazilərə edilən qanunsuz səfərlərə qarşı mübarizə, doğma yurdlarına qayıdan əhalinin, həmin ərazilərdə işləyən və oraya səfər edən insanların, habelə müharibənin təsirinə məruz qalmış digər rayon və kəndlərin sakinlərinin təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyətin səmərəliyinin daha da artırılması, mina təhlükəsi ilə mübarizə və mina hadisələri zamanı müvafiq qurumlararası qarşılıqlı kommunikasiyanın təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
“Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” tədbirləri çərçivəsində beynəlxalq və yerli qurumlarla birgə icra olunan maarifləndirmə işlərini əks etdirən təqdimat ANAMA tərəfindən göstərilib.