CƏMİYYƏT
Mina xəritələrinin dəqiqlik göstəricisinin aşağı olması ərazilərin minalardan təmizlənməsi prosesini çətinləşdirir
Bakı, 19 yanvar, AZƏRTAC
Postmüharibə dövründə ölkəmizin qarşısında duran ən önəmli vəzifə işğaldan azad edilmiş torpaqlarımızın bərpası və 30 ildir vətən həsrəti ilə yaşayan vətəndaşlarımızın rahat şəkildə doğma torpaqlarında sülh və əmin-amanlıq içərisində yaşaya bilmələrinə imkan yaratmaqdır. Prezident İlham Əliyevin tapşırığı ilə əvvəlcə işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi prosesinə start verilib. Xüsusilə Şuşa və Ağdam şəhərlərinin minalardan təmizlənməsi prosesi sürətlə davam etdirilir. Təəssüf ki, Ermənistan tərəfindən təqdim edilən mina xəritələrinin dəqiqlik göstəricisinin aşağı olması ərazilərin minalardan təmizlənməsi prosesini çətinləşdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.
Deputat qeyd edib ki, müharibədən sonrakı dövrdə qarşımızda duran ən önəmli vəzifə sərhədlərin qorunmasının təmin edilməsidir. Sərhədlərimizin mühafizəsi, hərbçilərimizin çətin dağ relyefində və ağır hava şəraitində rahat şəkildə xidmət aparmalarına şərait yaratmaq üçün ilk olaraq elektrik təsərrüfatı və sərhədyanı bölgələrdə 700 kilometrə yaxın yol infrastrukturu yenidən qurulub. Belə ağır hava şəraitində, çətin dağ relyefində bu işlərə imza atmaq ölkəmizin təkcə maddi gücünü yox, eyni zamanda, güclü və vətənpərvər kadr potensialının olmasının əsas göstəricisidir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə dövlətimizin başçısının birbaşa rəhbərliyi ilə şəhərlərin bərpası üçün işlər sürətlə davam etdirilir. Ağdam və Füzuli şəhərlərinin Baş planları hazırlanıb, enerji infrastrukturu yeni qurulub, Qarabağda yeni qurulan 7 elektrik yarımstansiyası ölkənin mərkəzi elektrik şəbəkəsinə qoşulub və strateji əhəmiyyətli magistral yollar salınıb, tarixi abidələrimiz bərpa olunur, yeni məktəblər, xəstəxanalar, yaşayış binaları tikilir, ağıllı kənd layihələri icra olunur və bərpa olunan enerji infrastrukturu qurulur. Görülən bütün bu işlər yaxın gələcəkdə Qarabağın iqtisadi potensialından səmərəli istifadə etmək üçün yeni imkanlar yaradacaq və bu, ölkə iqtisadiyyatımızın inkişafına müsbət təsir göstərəcək. Əminəm ki, Qarabağın bərpası prosesi başa çatdıqdan sonra bütün dünya ictimaiyyəti, o cümlədən Ermənistan bu torpaqların 30 illik işğal zamanı dağıdılmış və viran qoyulmuş vəziyyəti ilə bərpadan sonrakı vəziyyəti arasındakı fərqi daha yaxşı görəcək və buna inana bilməyəcək. Bu isə bütün dünya ictimaiyyətinə Qarabağın kimə doğma olduğunu bir daha göstərəcək.