SİYASƏT
Mina xəritələrinin təhvil verilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının növbəti böyük uğurudur
Bakı, 12 iyun, Səadət Hakıyeva, AZƏRTAC
Bu gün Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin məntiqi nəticəsidir. Təbii ki, dövlətimizin başçısı bu istiqamətdə bir sıra dövlətlər və beynəlxalq təşkilatlarla danışıqlar aparır və Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Cavid Osmanov deyib.
Deputat diqqətə çatdırıb ki, mina xəritələrinin Azərbaycana verilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Ermənistanın çıxılmaz vəziyyətə düşdüyünü və mina xəritələrini verməyə məcbur qaldığını sübut edir.
“Mina xəritələrinin əldə edilməsi qısa müddət ərzində ərazilərin minalardan təmizlənməsinə gətirib çıxaracaq ki, bu da on minlərlə insanın həyat və sağlamlığını təhlükədən xilas etmiş olacaq”, - deyən Cavid Osmanov qeyd edib ki, artıq Ağdamda bərpa-quruculuq işlərinə start verilib. Mina xəritələrinin əldə edilməsi, eyni zamanda, Ağdamda icrasına başlanılan layihələrinin daha sürətlə və təhlükəsiz şəkildə icrasına töhfəsini verəcək. Bərpa-quruculuq işlərinin nə qədər tez başa çatması isə bu rayondan olan məcburi köçkün soydaşlarımızın bir o qədər tez müddətdə doğma ev-eşiklərinə qayıdışını təmin edəcək.
“Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana təhvil verməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının növbəti böyük uğurudur”, - deyə deputat qeyd edib.