CƏMİYYƏT
Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Mina Fəaliyyəti Xidmətində görüş keçirib VİDEO
Nyu-York, 13 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına işgüzar səfər edib.
AZƏRTAC xəbər verir ki, səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyətinin Birləşmiş Millətlər Təşkilatının Mina Fəaliyyəti Xidmətinin (UNMAS) direktoru ilə görüşü olub.
Görüş zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina problemi və bu problemlərin məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr, ANAMA və digər aidiyyəti qurumlarımız tərəfindən minatəmizləmə sahəsində aparılan fəaliyyət, qarşıda duran hədəflər barədə məlumat verilib.
İcra edilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, paralel və əlaqələndirilmiş şəkildə aparılan bərpa və quruculuq işlərinin gedişatı qarşı tərəfdə maraq doğurub, bu istiqamətdə müzakirələr aparılıb.
Azərbaycanda minatəmizləmə probleminin ciddiliyi və təxirəsalınmaz işlərin görülməsinin vacibliyi vurğulanıb. BMT-nin Mina Fəaliyyəti Xidməti ilə bu sahədə gələcək əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb.
AZƏRTAC-ın Vaşinqton bürosu