CƏMİYYƏT
Minatəmizləmə fəaliyyəti ilə bağlı uşaqlar üçün maarifləndirici ekskursiya təşkil olunub
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Füzuli rayonunun Kərimbəyli kənd məktəbinin müraciəti əsasında şagirdlər üçün partlayıcı sursat təhlükəsinə dair ANAMA-nın Horadiz Regional Mərkəzinə maarifləndirici ekskursiya təşkil edib.
AZƏRTAC xəbər verir ki, ekskursiyada ibtidai sinif şagirdləri də daxil olmaqla, VI və XI sinif şagirdləri və müəllim heyəti iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd müharibəyə məruz qalmış rayonlarda yaşayan şagird və müəllimləri partlayıcı qurğuların təhlükəsi barədə məlumatlandırmaq olub.
Mina və partlayıcı qurğuların vizual olaraq tanınması məqsədilə sursat maketlərindən ibarət sərgi yaradılaraq, onların təhlükəsi, yarada biləcəyi xəsarətlər barədə təsəvvür formalaşdırılıb. Şagirdlərə düşmən tərəfindən quraşdırılan tələ minalar, insanları, əsasən də uşaq və gəncləri cəlb etmək üçün oyuncaq və ya fərqli görünüşdə hazırlanan əldədüzəlmə partlayıcı qurğular haqda məlumat verilib.
Horadiz Mərkəzinə səfər edən şagirdlər minaaxtaranın fərdi qoruyucu geyimi, istifadə etdiyi alət və avadanlıq, mexaniki minatəmizləmə maşınlarının iş prinsipi ilə əyani tanış olublar.
Minaaxtaranların dördayaqlı dostları olan xüsusi təlim keçmiş itlərin saxlanma şəraiti, oyun meydançası, təmizləmə əməliyyatlarına verdiyi dəstək, onların bələdçiləri ilə ünsiyyəti məktəblilərin xüsusi marağına səbəb olub.
Mina və partlayıcı sursat təhlükəsinə dair maarifləndirmə biliklərinə yiyələnən şagirdlər əldə etdikləri bilikləri valideynləri və öz həmyaşıdları ilə də bölüşərək, maarifləndirmə təbliğatına dəstək olacaq və bununla da mina təhlükəsi riskinin azaldılması, vətəndaşlarımızın minadan zərərçəkmə hallarının qarşısının alınmasında töhfə verəcəklər.