REGİONLAR
Minə yaxın Siyəzən sakini səyyar “ASAN xidmət”dən faydalanıb VİDEO
Siyəzən, 16 mart, Elxan Yusifli, AZƏRTAC
Səyyar “ASAN xidmət” martın 1-dən Siyəzən rayonunda fəaliyyət göstərir. Siyəzən rayonunun sakinləri 20 gün ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.
Səyyar “ASAN xidmət”in nümayəndəsi İsrafil Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, bu günə kimi 1000-ə yaxın Siyəzən sakini göstərilən xidmətlərdən faydalanıb. Vətəndaşlar “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət edirlər.
Xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar saat 9-dan 18-dək Siyəzən Rayon İcra Hakimiyyətinin şəhər inzibati dairəsi üzrə nümayəndəliyinin yerləşdiyi inzibati binanın yaxınlığında fəaliyyət göstərən xidmət əməkdaşlarına müraciət etməlidirlər.