REGİONLAR


Mineral gübrələrin səyyar satış xidməti başlayıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Yeni əkin mövsümü ilə əlaqədar olaraq “Aqroservis” ASC bütün anbarlarını tələb olunan lazımi mineral gübrələrlə tam təchiz edib. Səhmdar Cəmiyyət fermerlərin mineral gübrələrə olan tələbatını sərfəli qiymətlərlə və üstəlik səyyar xidmət təşkil etməklə ödəməyi planlaşdırır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sentyabr ayından etibarən “Aqroservis” ASC tərəfindən müvafiq qaydalara uyğun şəraitdə saxlanılan, keyfiyyətli şumaltı, kalium və fosforlu mineral gübrələrin rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd və qəsəblərdə səyyar satış xidmətinə başlanılıb. Respublikamızın bütün regionlarını əhatə edən səyyar satış zamanı fermerlərimiz ammofos, kükürdlü ammofos, ammonium-nitrat, ammonium-sulfat, kalium-sulfat, karbamid və nitroammofoska kimi mineral gübrələri əldə edə bilərlər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd, gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.

Fermerlər əkin mövsümündə mineral gübrələrin alışında sərf edəcəkləri məsrəfə qənaət etmək üçün səyyar satış xidmətlərini Səhmdar Cəmiyyətin 1659 satış mərkəzinə müraciət edərək sifariş edə bilərlər. Sifarişlərə əsasən səyyar xidmətlər kənd və qəsəbələrdə təşkil edilir, əksər hallarda isə birbaşa olaraq fermerin ünvanına çatdırılır.

Səyyar satış zamanı fermerlər yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd təqdim etmədən, yalnız “Fermer kartı”nı təqdim etməklə mineral gübrə əldə edirlər. Yeni qaydalara əsasən, gübrənin dəyərinin 100 faizi fermer kartından çıxarılır, fermer əlavə ödəniş etmir.

Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1659 satış mərkəzinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.