REGİONLAR
Mingəçevir, Ağstafa və Yardımlıda sahibkarlar üçün treninqlər təşkil olunub
Bakı, 6 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən Mingəçevir, Ağstafa və Yardımlıda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Sənayedə brendləşmə", "Kənd təsərrüfatında logistika", "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması", "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "Made in Azerbaijan" brendinin yaradılması" mövzularını əhatə edən treninqlərdə brendin mahiyyəti, brendləşmənin xüsusiyyətləri, logistikanın mahiyyəti və bu cür mərkəzlərin yaradılması, sığortanın əhəmiyyəti və bu sahədə qanunvericilik, ixrac bazarları, innovativ texnologiyalar və sair barədə ətraflı məlumatlar verilib.
Bununla yanaşı, tədbirlərdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.