REGİONLAR
Mingəçevir-Bəhrəmtəpə yolunun tikintisi sürətlə davam etdirilir VİDEO
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun (R18) 138 kilometrlik hissəsində “Azəravtoyol” ASC tərəfindən yenidənqurma işləri aparılır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihəyə uyğun olaraq avtomobil yolu Aran-Qarağacı (kilometr 0-26) və Qarağacı-Bəhramtəpə hissələri (kilometr 26-138) üzrə yenidən qurulur.
Bundan öncə yolun Mingəçevir şəhəri-Mingəçevir stansiyası arasında olan 16,5 kilometrlik hissəsi yüksək səviyyədə qurularaq cari ilin aprel ayında Prezident İlham Əliyevin iştirakı ilə vətəndaşların istifadəsinə verilib.
Yolun 16,5-154,5 kilometrlik hissəsində isə hazırda işlər sürətlə davam etdirilir. Bu hissədə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol yatağının eni isə 12 metrdir. Ümumilikdə isə asfalt-beton örtük isə 27 santimetr təşkil edəcək.
Layihəyə uyğun olaraq, Mingəçevir-Bəhrəmtəpə yolunda yolun altından suların ötürülməsi üçün 268 ədəd suötürücü borunun quraşdırılması və 32 yerdə suötürücü keçidin inşası nəzərdə tutulub və bu istiqamətdə işlər aparılır. Bundan başqa, yolun altından keçidi təmin etmək məqsədilə 22 yerdə alt keçidin inşası aparılır. Yolboyu 5 ədəd yeni körpü də inşa edilir.
Hazırda isə layihə çərçivəsində yolboyu torpaq işləri görülür, yeni yol yatağı və yol əsasının inşası aparılır. Hazır hissələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. Bundan başqa, yolboyu kommunikasiya xətlərinin köçürülməsi, suötürücü boruların, su və yeraltı keçidlərin inşası işləri də görülür. Faktiki olaraq Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna aparılan tikinti işlərinin tərəqqisi 42 faiz təşkil edir.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd olunub ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması ilə yolboyu yaşayan vətəndaşların istər Gəncə-Qazax, istər Qax-Balakən, istərsə də Beyləqan-Füzuli, Saatlı-Şirvan və Bakı istiqamətlərinə rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.