REGİONLAR
Mingəçevir Dövlət Dram Teatrı mövsümün ilk tamaşasını təqdim edib
Mingəçevir, 21 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir Dövlət Dram Teatrı görkəmli Azərbaycan dramaturqu “Sərgüzəşti vəziri-xani Lənkəran” tamaşası ilə yeni teatr mövsümünü açıq elan edib. Teatrın baş rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluş verdiyi tamaşa sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, tamaşanın səhnə tərtibatı, dinamikliyi, musiqisi tamaşaçıların ürəyincə olub.
Tamaşa xanın gəlişi zamanı təhlükəsizlik tədbirləri ilə başlayır. Hadisələrdən məlum olur ki, vəzir Mirzə Həbib öz vəzifəsini qorumaq üçün baldızı Nisə xanımı xana ərə vermək fikrindədir. Nisə xanım isə xanın qardaşı oğlu Teymur ağanı sevir. İki arvadının, qaynanası Pəri xanımın və baldızı Nisə xanımın kələkləri Mirzə Həbibi gülünc vəziyyətə salır. Tamaşa xoşbəxt sonluqla - dənizdə batan xanın yerinə Teymur ağanın xan seçilməsi və sevgilisinə qovuşması ilə bitir. Öz hərəkətləri ilə vəzirindən heç də geri qalmayan, gülüş doğuran Lənkəran xanı maraqlı obraz kimi yadda qalır.
Tamaşada milli kolorit, şən yumorla yanaşı, xanlıq üsul-idarəsinə sarkazmla işarələr vurulur.
Qeyd edək ki, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Sərgüzəşti vəziri-xani Lənkəran” komediyası ilə 1873-cü ildə milli teatrımızın bünövrəsi qoyulub. Bu komediyaya müxtəlif illərdə, müxtəlif yozumlarda səhnə həyatı verilib. XVIII əsrin xanlıq üsul-idarəsindən bəhs edən komediya həmin dövrün ictimai-siyasi hadisələrinə ayna tutur.
Tamaşadan sonra teatrın rejissoru, bir qrup aktyor, aktrisa və digər işçilər mədəniyyət ocağının direktoru Səxavət Məmmədov tərəfindən fəxri fərmanlarla təltif olunub. Həmçinin Mingəçevirdə fəaliyyət göstərən bir qrup jurnalistə “Teatrın dostları” mükafatı təqdim edilib.
Məlumat üçün bildirək ki, Mingəçevir Dövlət Dram Teatrı eyni zamanda çağdaş dramaturgiya nümunələrinə də müraciət edir. Hazırda yazıçı-dramaturq Camal Yusifzadənin “Səhər qatarı” pyesi əsasında hazırlanan tamaşanın məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Xəzər Gəncəli, rejissor köməkçisi Xəyalə Qəmbərovadır. Əsas rollarda Paşa Salmanov, Ramil Ağayev, Aydın Quliyev, Aytən Allahverdiyeva, Nargilə Abdullayeva, Firuz Hacıyev, Hüseyn Mustafayev, Asim Məmmədov və başqaları çıxış edirlər. Səhnə əsərinin oktyabrda nümayışi nəzərdə tutulur.