REGİONLAR
Mingəçevir Dövlət Universiteti Ukraynada beynəlxalq elmi konfransda təmsil olunub
Bakı, 29 aprel, AZƏRTAC
Kiyev Milli Texnologiyalar və Dizayn Universitetinin ev sahibliyi ilə “Qlobal dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi kontekstində iqtisadi artımın imperativləri” mövzusunda IV beynəlxalq elmi-praktik konfrans keçirilib. Beynəlxalq konfransa Ukraynadan Təhsil və Elm Nazirliyi, Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti, “Erasmus+” proqramının Milli Ofisi, Sosial və İqtisadi Təşəbbüslər İnstitutu, Kiyev Təhsil, Təlim və Gənclər Mərkəzi, Azərbaycandan Mingəçevir Dövlət Universiteti, İtaliyadan Floggia Universiteti, Latviyadan RISEBA Tətbiqi Elmlər Universiteti, Polşadan Lomza Beynəlxalq Tətbiqi Elmlər Akademiyası və Gürcüstandan Akaki Tsereteli Dövlət Universiteti təşkilatçılıq edib.
Bu barədə AZƏRTAC-a Mingəçevir Dövlət Universitetindən (MDU) məlumat verilib. Bildirilib ki, konfransda Ukrayna, Azərbaycan, İtaliya, Latviya, Estoniya, Polşa, Gürcüstan və Çexiyadan 280-dən çox akademik heyət, doktorantlar və magistrantlar iştirak ediblər.
Konfransın açılışında Kiyev Milli Texnologiyalar və Dizayn Universitetinin rektoru İvan Qrişenko, MDU-nun rektoru Şahin Bayramov, Latviyanın RISEBA Tətbiqi Elmlər Universitetinin prorektoru Nellija Titova və digər ölkələrdən olan tərəfdaş universitetlərin rəhbərləri, sahə ekspertləri və beynəlxalq layihələr üzrə milli əlaqələndiricilər çıxış ediblər. Çıxışlarda beynəlxalq konfransın mövzusunun aktuallığından bəhs edilib, təhsil, tədqiqat, innovasiya və sosial fəaliyyətləri ilə universitetlərin dayanıqlı inkişafa və iqtisadi artıma töhfə baxımından rolu yüksək dəyərləndirilib, ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının gücləndirilməsinin, xüsusən də təhsilin beynəlmiləlləşdirilməsi, layihə fəaliyyətinin inkişafı və beynəlxalq akademik mobillilik sahəsində işlərin intensivləşdirilməsinin önəmi diqqətə çatdırılıb.
Birgə elmi tədbirin əhəmiyyətini vurğulayan MDU-nun rektoru Ş.Bayramov universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib. Bildirib ki, universitetlərin “Erasmus+” layihəsi çərçivəsində də tərəfdaşlıq etmələri elm, təhsil və innovasiyaların inkişafı sahəsində onların geniş əməkdaşlığına dəlalət edir. Rektor konfransın təşkilində əməyi olanlara təşəkkürünü bildirib, iştirakçılara səmərəli müzakirələr və uğurlar arzulayıb.
Sonra konfrans işini onlayn formatda 5 bölmə iclası ilə davam etdirib. Bölmə iclaslarında davamlı inkişaf, maliyyə sabitliyi, rəqəmsallaşma, inklüziv inkişaf, sahibkarlıq və marketinq təhsili, müasir rəqabətqabiliyyətli idarəetmə, rəqəmsal təhsil texnologiyaları və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.
Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, MDU ilə Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti arasında əməkdaşlığın əsası 2021-ci ilin oktyabrında hər iki universitetin rektorları tərəfindən əməkdaşlıq memorandumunun imzalanması ilə qoyulub. Memorandumda tələbə və müəllim mübadiləsi, ortaq təhsil proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər müxtəlif istiqamətlərdə birgə fəaliyyətlər əksini tapıb.