REGİONLAR
Mingəçevir Dövlət Universiteti Vətən müharibəsində dəstəyinə görə fəxri fərmana layiq görülüb
Bakı, 11 fevral, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) N saylı hərbi hissənin rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, fərman MDU-nun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi dövründə hərbi hissəyə yaxından dəstək göstərdiyinə görə təqdim edilib.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 30 illik doğma Qarabağ həsrətinə son qoyan Zəfər yürüşündə MDU-nun tələbə, məzun və əməkdaşları həm ön cəbhədə döyüşlərdə, həm də arxa cəbhədə informasiya mübarizəsində və mənəvi dəstək tədbirlərində fəal iştirak edib, yüksək həmrəylik nümayiş etdirib.
Torpaqlarımızın azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu şəhidlik zirvəsinə ucalıb. Döyüş tapşırıqlarını şərəflə və uğurla yerinə yetirən, mərdlik və igidlik göstərən qəhrəman tələbə və məzunlarımız ölkə başçısı tərəfindən medallarla təltif olunub.
Qəhrəman şəhidlərimizin əziz xatirəsinin ehtiramla anılması və onların adlarının uca tutulması, cəsur əsgər və zabitlərimizin keçdikləri şərəfli döyüş yolları, göstərdikləri şücaət və vətənpərvərlik nümunələri barədə məlumatların tələbə gənclər arasında təbliğ edilməsi MDU-da diqqət mərkəzində saxlanılır.