REGİONLAR
Mingəçevir Dövlət Universiteti ilk tələbələrini qarşılayıb
Mingəçevir, 15 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin 2015-ci il 24 iyul tarixli Sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında yaradılan Mingəçevir Dövlət Universiteti “Bilik günü”ndə ilk tələbələrini qarşılayıb.
AZƏRTAC xəbər verir ki, gələcəyin mütəxəssisləri əvvəlcə təhsilimizin inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüblər. Ulu Öndərin adını daşıyan mərkəzdə təşkil olunan mərasimdə ali təhsil ocağının yaranması və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Universitetin rektoru Akif Hacıyev yeni tələbə adını qazanan gəncləri təbrik edib. Bildirib ki, Mingəçevirdə dövlət universitetinin fəaliyyətə başlaması Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə və təhsilinə qayğısının bariz nümunəsidir. Yeni dərs ilindən ali təhsil ocağında bakalavr pilləsi üzrə 8, magistr təhsil pilləsi üzrə 12 yeni ixtisas yaradılıb. Bu isə yeni nəslin qarşısında böyük üfüqlər açır. Mingəçevir Dövlət Universiteti Portuqaliya, Çexiya, Estoniya, Sloveniyanın ali məktəbləri ilə uğurlu əlaqələr yaradıb. Növbəti dərs ilindən ali təhsil müəssisəsində ”Doktorantura və magistratura sektoru” da fəaliyyətə başlayıb. İnformasiya texnologiyaları mərkəzi ayrıca binada yerləşdirilib. Universitetin idman sağlamlıq kompleksi isə tələbələrin fiziki və mənəvi sağlamlığında mühüm rol oynayır.
Mərasimdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edərək tələbələrə uğurlar arzulayıblar.
Tədbirdə bu il 612 balla Mingəçevir Dövlət Universitetinə qəbul olunan Kəmalə Hacıyeva, yüksək balla universitetin magistratura pilləsində təhsilini davam etdirmək hüququ qazanan Aytən Mahmudova və universitetin göndərişi ilə Avropa ölkələrində təhsillərini davam etdirən tələbələr adından Kamal Əhmədov məsuliyyətlərini dərk etdiklərini, onlara bəslənən ümidləri doğruldacaqlarını bildiriblər.
Sonda gənclərə tələbə biletləri və xatirə hədiyyələri təqdim olunub.