REGİONLAR
Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlığa start verilib
Bakı, 29 aprel, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında əməkdaşlıq çərçivəsində silsiləvi mühazirələrin keçirilməsini nəzərdə tutan birgə layihənin açılış mərasimi keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə çıxış edən MDU-nun rektorunun müşaviri Hamiz Mahmudov rektor Şahin Bayramovun salamlarını iştirakçılara çatdırıb.
Martın 15-də MDU və AHBVU rektorları arasında keçirilən görüşdə əməkdaşlığın əsasının qoyulduğunu xatırladan H.Mahmudov birgə tədbirin keçirilməsində əməyi olan hər iki universitetin əməkdaşlarına təşəkkürünü bildirib.
Qarşılıqlı mühazirələrin keçirilməsinin AHBVU-nin Turizm fakültəsi ilə MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsi arasında yaradılmış işbirliyi çərçivəsində ilk tədbir olduğunu vurğulayan rektorun müşaviri gələcək dövrdə əməkdaşlığın davam etdirilməsi məqsədilə nəzərdə tutulmuş fəaliyyət planını diqqətə çatdırıb.
AHBVU-nin Türkiyədə nüfuzlu, zəngin ənənələrə və güclü kadr potensialına malik olan ali təhsil müəssisələrindən biri olduğunu qeyd edən H.Mahmudov belə bir universitetlə əməkdaşlığın MDU-nun potensialının inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra birgə layihə çərçivəsində ilk mühazirəyə start verilib. Mühazirədə MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsini təmsil edən tələbə və magistrantlar, eləcə də akademik və inzibati heyət üzvləri iştirak edib.
Birinci mühazirəçi, AHBVU Turizm fakültəsinin dosenti Yalçın Arslantürk “Turizmdə yeni tendensiyalar” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə “Sənaye 4.0” dövründə texnoloji dəyişikliklərin və “COVID-19” pandemiyasının turizm sektoruna təsirlərindən, çevik tətil, işgüzar istirahət, qalıcı tətil, insan yönümlü səyahətlər, rəqəmsallaşma və avtomatlaşma, fərdi nəqliyyat və tətil seçimləri, təbiət turizmi, idarə olunan virtual turlar, turizmdə davamlılıq və digər məsələlərdən söz açılıb.
İkinci mühazirəçi, MDU-nin İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi Cəlil Bağırov “Azərbaycanda turizm və rekreasiya imkanları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə iqtisadi-coğrafi rayonlar üzrə Azərbaycanın turizm və rekreasiya potensialı, yay, qış, sağlamlıq, tarixi, mədəni, dini, dağ, ov, yaylaq və digər turizm növlərinin inkişaf perspektivləri, ölkəmizin turizm məhsullarının brendləşdirilməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilib.
MDU-nun tələbə və akademik heyəti tərəfindən maraqla qarşılanan mühazirələrdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Türkiyə və Azərbaycanın turistik destinasiyaları arasında müqayisələr aparılaraq ölkəmizdə turizmin strateji idarə edilməsində qardaş ölkənin təcrübəsi, tarixi zəfərdən sonra doğma Qarabağımızda turizmin inkişaf istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Sonda AHBVU-nin Turzim fakültəsi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən tədbir iştirakçıları universitetlər arasında yaradılmış işbirliyinin gələcəkdə MDU-da turizm sahəsində yüksəkixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəlməsinə töhfə verəcəyinə əminliklərini bildiriblər.
Qeyd edək ki, cari ilin mart ayında MDU və AHBVU arasında əməkdaşlıq əlaqələri qurulmuşdur. Hər iki universitet arasında həyata keçiriləcək işbirliyi çərçivəsində tələbə və müəllim mübadiləsi, ortaq konfransların, seminar və təlimlərin keçirilməsi, fakültə idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsi, professor-müəllim və tələbə heyəti arasında əlaqələri gücləndirən müxtəlif formatlı tədbirlərin reallaşdırılması və digər məsələlər nəzərdə tutulub.