REGİONLAR


Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinə həsr olunmuş seminar keçirilib

Bakı, 20 yanvar, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş seminar keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri açan MDU-nun “Humanitar fənlər” kafedrasının müdiri Esmira Cəfərova 20 Yanvar faciəsini insanlığa və bəşəriyyətə qarşı törədilmiş ən amansız və dəhşətli cinayətlərdən biri olduğunu qeyd edib. Qanlı faciənin tarixi nəticələrindən bəhs edən E.Cəfərova 31 il bundan əvvəl Azərbaycan xalqının əsrlərboyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal amalı uğrunda canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Minilliklərlə ölçülən zəngin və şərəfli tariximizin 20 Yanvar səhifəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı qeyd edilib.

Universitetin “Humanitar fənlər” kafedrasının baş müəllimi İlham Məmmədov “20 Yanvar faciəsi Azərbaycanı müstəqilliyə aparan yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir” məruzəsi ilə çıxış edib. Məruzədə dövrün siyasi mənzərəsi, sovet rejiminin və mənfur erməni dairələrin məkirli planları, xalqımızın ədalətsizliyə qarşı və milli azadlıq uğrunda mübarizəsi, müstəqilliyə gedən yol, dinc əhalimizə qarşı vəhşicəsinə törədilmiş terror aktları və digər məsələlərə toxunulub. Qeyd edilib ki, dinc insanların qətlə yetirilməsi, ağır yaralanması və ömürlük şikəst olması ilə qan yaddaşımıza çevrilən 20 Yanvar faciəsinə, ilk dəfə olaraq, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi və onların əziz xatirəsinin daim uca tutulması istiqamətində görülən işlərdən bəhs edilib.

Qeyd edək ki, MDU-nun professor-müəllim və tələbə heyəti üçün keçirilən tədbir Azərbaycan Respublikasının təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı” çərçivəsində təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.