REGİONLAR


Mingəçevir Dövlət Universitetində 27 Sentyabr- Anım Gününə həsr olunan dəyirmi masa keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 27 Sentyabr- Anım Gününə həsr olunan “27 Sentyabr: Xalqımızı şərəf kürsüsünə qaldırmış qəhrəmanlıq tarixi” mövzusunda dəyirmi masa keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə MDU-nun tələbə və müəllim kollektivi, eyni zamanda, şəhid valideynləri iştirak ediblər.

Əvvəlcə, Vətən uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində qəhrəmanlıq tariximizin ən şanlı səhifələrini yazıblar. Qısa müddət ərzində sarsıdıcı zərbələrlə düşməni doğma torpaqlarımızdan qovub çıxaran cəsur Vətən övladları ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi yolunda böyük qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq nümunələri ortaya qoyublar. Bütün şəhidlərin əziz xatirəsinin daim dərin ehtiramla anıldığını və onların adlarının hər zaman uca tutulacağını bildirən E.Cəfərova qəhrəman Vətən övladlarının döyüş şücaətlərinin təbliğ edilməsinin vətənpərvər gənc nəslin yetişdirilməsində xüsusi önəm kəsb etdiyini vurğulayıb və dəyirmi masanın əhəmiyyətindən bəhs edib.

Daha sonra, Humanitar fənlər kafedrasının baş müəllimi Mətanət Yusifovanın moderatorluğu ilə məruzələr dinlənilib. Təhsil fakültəsinin tələbələrindən Səbinə Əliyeva “XX əsrin sonu-XXI əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi vəziyyəti haqqında”, Türkan Qafarova “Vətən müharibəsinin başlanması”, İlahə İbrahimova “Anım gününün təsis edilməsi”, Nurcan Vəliyeva “Vətən müharibəsinin şəhid müəllimləri”, Elnarə Hüseynova “MDU-nun şəhid məzunları”, Aygün Sadıqova “İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlər: Bərdə müharibə günlərində”, Sevinc Cabbarlı Ağdam rayonunun ərazisi müharibə dövründə”, Zəhra Niftəliyeva “Füzuli rayonunun vəziyyəti haqqında”, Mirvari Həmidli “Gəncə terroru”, Aysun Yusibova “Goranboyda müharibənin fəsadları haqqında” və Səma Süleymanova “Möhtəşəm qələbəmizin şahidi olacaq “Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi” mövzularında çıxış ediblər.

Məruzələr tələbə və müəllim kollektivi tərəfindən maraqla qarşılanıb. Müzakirələrlə davam edən dəyirmi masada iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq MDU-da təsdiq edilmiş müvafiq tədbirlər planı çərçivəsində çoxsaylı silsiləvi tədbirlər davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.