REGİONLAR


Mingəçevir Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də Mingəçevir Dövlət Universitetində (MDU) Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyət üzvləri iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən tədbiri açan MDU-nun rektoru Şahin Bayramov universitetin bütün professor-müəllim heyəti üzvlərini peşə bayramı münasibətilə təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Ümummilli liderimiz Heydər Əliyevin müəllim adına hər zaman yüksək dəyər verdiyini qeyd edən Ş.Bayramov hazırda Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən əhəmiyyətli dəyişikliklər nəticəsində müəllimlərin sosial rifahının yüksəlməsi və hərtərəfli inkişafı üçün yaradılan əlverişli imkanlardan danışıb.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra, ilk dəfə olaraq, Müəllimlər Gününün sonsuz sevinc və fəxarət hissi ilə qeyd edilməsindən danışan rektor ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüşlərdə yüzlərlə təhsil işçisinin də iştirak etdiyini bildirib və torpaqlarımızın işğaldan azad edilməsi yolunda canını fəda edən bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı Qələbədə gənc nəslin yüksək vətənpərvərlik ruhunda yetişdirilməsinin rolunu vurğulayan rektor bu işdə valideynlərlə yanaşı, müəllimlərin də böyük pay sahibi olduğunu deyib və son dövrdə MDU-da təhsilin məzmununda vətənpərvərliyin önəminin yüksəldilməsi ilə bağlı görülən işlərdə gənc akademik heyət üzvlərinin aktivliyindən bəhs edib.

Sürətli modernləşmə yolunu seçən MDU-nun strateji hədəflərindən söz açan rektor yeni dövrün tələblərinə uyğun yüksək keyfiyyətli kadrların hazırlanması üçün müəllimlərin üzərinə düşən vəzifələri diqqətə çatdırıb.

Görüşdə çıxış edən MDU-nun qocaman və gənc müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə həmkarlarını təbrik edib, eləcə də göstərilən diqqətə, universitetdə formalaşmış sağlam ailə atmosferinə görə təşəkkürlərini çatdırıblar.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da müəllimlərlə müntəzəm görüşlərin keçirilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması və hərtərəfli inkişafının təmin edilməsi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə müvafiq tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.