REGİONLAR


Mingəçevir Dövlət Universitetində “İndoneziya – Azərbaycan: tarix və diplomatik əlaqələr” mövzusunda tədbir keçirilib

Mingəçevir, 21 fevral, Rauf Hacıyev, AZƏRTAC

İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fananinin Mingəçevir şəhərinə səfəri çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) “İndoneziya – Azərbaycan: tarix və diplomatik əlaqələr” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə qonaqla görüşən MDU-nun rektoru Şahin Bayramov universitetdə kadr hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər və sürətlə dəyişən əmək bazarının tələblərinə əsaslanan strateji hədəflər barədə məlumat verib. MDU-nun beynəlxalq əməkdaşlıq üzrə prioritetləri barədə danışan Ş.Bayramov gələcəkdə İndoneziyanın müvafiq ali təhsil müəssisələri ilə qarşılıqlı faydalı əlaqələrin yaradılması üçün imkanların mövcud olduğunu diqqətə çatdırıb.

Səfir Hüsnan Bəy Fanani Azərbaycanla İndoneziya arasındakı çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri barədə məlumat verib. Ölkəsinin ali təhsil sistemi, qabaqcıl universitetləri, xarici vətəndaşlar üçün təqdim olunan təqaüd imkanları haqqında danışan səfir gələcəkdə MDU tələbələri və müəllimlərinin İndoneziyada təhsil alması və təcrübə keçməsinə zəruri dəstək göstərməyə hazır olduğunu bildirib.

Sonra qonaq MDU-nun professor-müəllim və tələbə heyəti qarşısında “İndoneziya – Azərbaycan: tarix və diplomatik əlaqələr” mövzusunda geniş təqdimat edib. Səfir iki ölkə arasındakı diplomatik əlaqələrin tarixi, həyata keçirilən tədbirlər və perspektiv imkanlar barədə ətraflı məlumat verib.

Təmsil etdiyi ölkənin tarixi, təhsil sistemi, iqtisadiyyatı, mədəniyyəti və turizm imkanları haqqında danışan səfir İndoneziyanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını və bu məsələdə daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirib. Azərbaycan multikulturalizminin müasir qlobal cəmiyyətə mühüm töhfələr verməsini yüksək qiymətləndirən səfir iki ölkə arasında ortaq tarixi və mənəvi dəyərlərin mövcudluğunu vurğulayıb. Qonaq Nizami Gəncəvi, Nəsimi, Xətai, Füzuli, Hüseyn Cavid və digər mütəfəkkirlər yetirən Azərbaycan xalqının zəngin mədəni irsə malik olmasını xüsusi qeyd edib və belə bir ölkədə diplomatik xidmətdə olmaqdan qürur duyduğunu bildirib.

Səfir və onu müşayət edən diplomatların ifasında təqdim edilən Azərbaycan və İndoneziya musiqiləri və rəqsləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.