REGİONLAR


Mingəçevir Dövlət Universitetində Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş elmi-nəzəri seminar keçirilib

Bakı, 12 fevral, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) dünya şöhrətli alim, professor Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilmiş elmi-nəzəri seminar keçirilib. Seminarda universitetin professor-müəllim və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən seminarı açan MDU-nun rektoru Şahin Bayramov, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin respublika səviyyəsində qeyd olunması barədə məlumat verib.

Uşaqlıq illərindən xarici ölkədə yaşamasına baxmayaraq, ürəyi hər zaman Azərbaycana bağlı olan görkəmli şəxsiyyətin məhsuldar elmi fəaliyyəti ilə ölkəmizi layiqli təmsil etdiyi və tanıtdığı bildirilib. Lütfi Zadənin elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi misilsiz xidmətlərin dövlət başçısı tərəfindən yüksək qiymətləndirildiyi və onun “Dostluq” ordeni ilə təltif edildiyi qeyd olunub.

Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin elmi irsinin təbliğinin əhəmiyyətindən danışan rektor universitetdə məşhur alimin əziz xatirəsinə və zəngin elmi yaradıcılığına həsr olunan fərqli formatlarda çoxsaylı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Seminarda MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev “Dünya elmində inqilab edən azərbaycanlı alim”, “Riyaziyyat” kafedrasının müəllimi Leyla İsmayılzadə “Lütfi Zadə nəzəriyyələrinin fəlsəfi çalarları”, magistrant Elvin Muradzadə “Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin riyaziyyatda rolu” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə Lütfi Zadənin həyatı və elmi fəaliyyəti, zəngin elmi irsi, müəllifi olduğu nəzəriyyələrin mahiyyəti, əhəmiyyəti və digər müxtəlif elm sahələrinin inkişafına töhfəsi barədə geniş məlumat verilib.

Böyük maraqla qarşılanan məruzələr seminar iştirakçılarının geniş müzakirəsinə səbəb olub və dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən olan Lütfi Zadə məktəbinin davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonda görkəmli alim Lütfi Zadəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, MDU-da Azərbaycanın görkəmli şəxsiyyətləri və elm xadimlərinin yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verilir, onların zəngin irsinin öyrənilməsi, nümunəvi həyat və yaradıcılıq fəaliyyətlərinin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.