REGİONLAR


Mingəçevir Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin XII elmi-praktik konfransı keçirilib

Bakı, 28 noyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) XII elmi-praktik konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda MDU-nun Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbə, magistr və professor-müəllim heyəti üzvləri iştirak ediblər.

MDU-dan AZƏRTAC-a bildirilib ki, konfransda giriş sözü ilə çıxış edən universitetin rektoru Şahin Bayramov tələbələrin elmi fəaliyyətə cəlb olunmasının onların yüksəkixtisaslı mütəxəssis kimi yetişməsində mühüm rol oynadığını qeyd edib. Son dövrdə MDU-da tələbələr arasında aktual mövzulara həsr edilən elmi konfransların və seminarların davamlı surətdə keçirilməsindən məmnunluğunu bildirən rektor bu tipli elmi tədbirlərin gənclərin tədqiqat bacarıqlarını inkişaf etdirdiyini və elmi potensialını artırdığını bildirib.

Proqrama daxil olan məruzələrin daha çox işğaldan azad edilmiş doğma yurdlarımızın dirçəlişi ilə bağlı olduğunu diqqətə çatdıran Ş.Bayramov gənclərin belə mövzularda tədqiqatlara maraqlarının artmasını yüksək qiymətləndirib və konfransın işinə uğurlar arzulayıb.

Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən Gültəkin Musazadə “Möhtəşəm qələbədən böyük qayıdışa doğru”, Gülnar Nəsirova və Zəminə Məmmədova “İşğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində dövlətin regional siyasətinin yeni hədəfləri və Qarabağ iqtisadiyyatının dirçəlişi”, Rəcəb Tanrıverdiyev, Ülkər Musazadə və Dəyanət Səfərov “Qarabağda yenidənqurma və bərpa işlərinin vüsət alması”, Xanımtər Vəliyeva və Zamin Cəfərov “Vətən müharibəsindən sonrakı dövrdə Qarabağa xarici dəstək” mövzularında çıxış ediblər.

Mühəndislik fakültəsinin tələbələrindən Hüseyn Əliyev “Minalanmış ərazilərin yaratdığı ekoloji problemlər”, Həsən Məmmədzadə “Vətən müharibəsindən sonra Qarabağ və onun ətraf rayonlarının enerji infrastrukturunun inkişafı” və Şamxal Hüseynov “Azərbaycanın nəqliyyat potensialı” mövzularında məruzələrini təqdim ediblər.

Pedaqoji fakültənin tələbələrindən Aytac İlyasova “Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında xeyir və şəri təmsil edən insan obrazları”, “Zülfiyyə Məmmədova: “Birdərəcəli müqayisələrin həlli üsulları” və Səidə Abdullayeva “Xarici dillərin öyrənilməsində informasiya texnologiyalarının əhəmiyyəti” mövzularında çıxış ediblər.

Tələbə və müəllim kollektivi üzvləri tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbələrin elmi fəaliyyətə cəlbinin təşviq edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə xüsusi əhəmiyyət verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.