REGİONLAR


Mingəçevir Dövlət Universitetində “Tyutor xidməti” təliminə başlanılıb

Bakı, 17 iyul, AZƏRTAC

İyul ayının 13-dən etibarən Mingəçevir Dövlət Universitetində (MDU) “Tyutor xidməti” təliminə başlanılıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, iyulun 18-nə qədər davam edəcək altı günlük təlim proqramı çərçivəsində bu günə qədər MDU-nun akademik və inzibati heyət üzvləri tərəfindən üç təlim baş tutub.

İlk təlim günündə giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov son dövrdə universitetin modernləşməsi, əlverişli təhsil mühitinin təmin edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, mövcud pandemiya şəraitində tədrisin məsafədən təşkili və yeni qaydaların səmərəli tətbiqi, akademik, inzibati və tələbə heyəti üzvlərinin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən və qarşıda duran strateji vəzifələrdən danışıb.

“Bolonya prosesi haqqında ümumi məlumat” mövzusunda çıxış edən MDU-nun Tədris şöbəsinin müdir müavini Üzeyir Zeynalov Bolonya prosesinin tarixindən və əsaslarından, Azərbaycanın Avropa ali təhsil məkanına inteqrasiyasından, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun qurulmasının müasir vəziyyətindən və xüsusiyyətlərindən söhbət açıb.

“Kredit sisteminin mahiyyəti və məzmunu” mövzusunda çıxış edən MDU-nun Pedaqoji fakültəsinin dekanı Nizami Zeynalov kredit sisteminin mahiyyəti və üstünlükləri, bu sisteminin tətbiqi, tələbənin biliyinin qiymətləndirilməsi haqqında məlumat verib.

İkinci təlim günündə, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda əsas anlayışlar” mövzusunda çıxış edən MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Nazim Niftəliyev təhsil krediti, ixtisasın tədris planı və tədris qrafiki, tələbənin fərdi tədris planı, akademik mobillik, Avropa Kredit Transfer Sistemi və digər anlayışlardan bəhs edib.

Üçüncü təlim günündə, “Tədrisin təşkili və idarə olunması” mövzusunda çıxış edən MDU-nun Tədris şöbəsinin müdir müavini Üzeyir Zeynalov təhsil prosesinin tədris-metodiki təminatı, tədrisin təşkili və idarə olunması sistemi haqqında məlumat verib.

Proqrama uyğun olaraq növbəti günlərdə MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tyutorlarından İlhamə Məmmədova “Akademik məsləhətçi (tyutor) xidməti”, Cavid Məcidli “Tələbələrin hüquq və vəzifələri. Yay məktəbinin təşkili”, MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Cəlil Bağırov “Tələbə və müəllim mobilliyi”, Tədris şöbəsinin mütəxəssisi Elçin Tağıyev “Təqdimat və onun hazırlanması” mövzusunda təlimləri davam etdirəcəklər.

Son təlim günündə iştirakçılar ideya və fikirlərini bölüşəcək, təlimin nəticələri ilə bağlı müvafiq monitorinq və qiymətləndirmə aparılacaq.

Qeyd edək ki, modernləşməyə doğru sürətlə irəliləyən MDU-da kredit sistemi ilə tədrisin təşkilinin səmərəliliyinin yüksəldilməsi, tələbə və magistrantlar üçün fəal akademik dəstəyin təmin edilməsi məqsədilə təhsil prosesinə cəlb olunan tyutorların bu sahədə bilik, bacarıq və səriştələrinin artırılmasına xüsusi əhəmiyyət verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.