REGİONLAR
Mingəçevir Dövlət Universitetində "Elm Günü”nə həsr edilmiş virtual elmi konfrans keçirilib
Mingəçevir, 10 aprel, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) Pedaqoji fakültəsinin Tələbə Elmi Cəmiyyətinin virtual elmi konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Elm Günü”nə həsr edilmiş konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov karantin dövründə universitet əməkdaşlarının və tələbələrinin elmi fəaliyyətinin davam etdirilməsinin vacibliyini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə elmin inkişafına xüsusi önəm verildiyini bildirən Ş.Bayramov ali təhsilin məzmununda elmi tədqiqatlara mühüm yer verilməsinin əhəmiyyətindən danışıb. Konfransın təşkilində əməyi olan əməkdaşlara və tələbələrin elmi rəhbərlərinə təşəkkür edən Ş.Bayramov məruzə ilə çıxış edəcək tələbələrə uğurlar arzulayıb və hər kəsi karantin dövründə evdə qalmaqda davam etməyə çağırıb.
Pedaqoji fakültənin dekanı Nizami Zeynalov ilk dəfə olaraq virtual formatda keçirilən Tələbə Elmi Cəmiyyətinin konfransında 80-dən artıq tələbə və müəllimin iştirak etdiyini bildirib. Konfransın proqramı haqqında məlumat verən N.Zeynalov dinləniləcək məruzələrin aktuallığından bəhs edib.
Sonra konfransda məruzələr dinlənilib. Pedaqoji fakültənin tələbələrindən Aytən Bağırzadə “Coğrafi adlar mənəvi sərvətimizdir. Lələtəpə", Vəfa Mustafazadə “Könüllülük hərəkatına tarixi baxış", Leyla Verdizadə “Triqonometrik bərabərsizliklərin həllində qarşıya çıxan problemlər”, Günay Əhmədova “Müəllim-şagird, tərbiyəçi-uşaq şəxsiyyəti pedaqoji ustalığın vasitəsi kimi”, Ülviyyə Edilxanova “Qafqaz xalqları arxeoloji və antropoloji tədqiqatlarda” və Sevinc Süleymanlı “İngilis sözlərinin sosial şəbəkələrdə istifadəsinin əhəmiyyəti” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.