REGİONLAR
Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının üçüncü həftəsi başa çatıb
Mingəçevir, 28 iyun, Rauf Hacıyev, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn imtahan sessiyasının üçüncü həftəsi də uğurla yekunlaşıb.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, MDU-da cari imtahan sessiyası ilk dəfə olaraq “Microsoft Teams” platforması üzərindən virtual formatda təşkil olunub.
8-25 iyun tarixlərini əhatə edən ilk 13 imtahan günündə bakalavriat və magistratura səviyyələrində keçirilən 439 imtahanda ümumilikdə 1874 tələbə və magistrant iştirak edib. Həmin müddətdə məsafədən keçirilən imtahanlarda faktiki olaraq bütün tələbələrin və magistrantların iştirakı təmin olunub. İmtahanlarda iştirak edənlərin demək olar ki, hamısı müvəffəq qiymət alıblar.
Çoxsaylı güzəştlərin tətbiqi ilə reallaşdırılan onlayn imtahan prosesində MDU-nun professor-müəllim, inzibati-texniki heyət üzvləri və əsasən sonuncu kurs tələbələrindən ibarət “İmtahan könüllüləri” fəal iştirak edirlər.