REGİONLAR
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin ikinci modul təlimi keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin dəstəyi, Turizm və Menecment Universitetinin, Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə icra olunan “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihənin ikinci modul təlimi keçirilib.
Mingəçevir Dövlət Universitetindən AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən təlimi açan MDU rektorunun müşaviri Hamiz Mahmudov iştirakçılara Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan tarixi Qələbə münasibətilə MDU-nun rektoru Şahin Bayramovun təbrikini çatdırıb.
Sonra H.Mahmudov təlimin mövzusu və təlimçi haqqında iştirakçılara məlumat verib.
Təlimçi, “Smart Hotel Management” şirkətinin direktoru Ceyhun Aşurov “Sosial davranışların xidmət sahəsində rolu və karyera” mövzusunda çıxış edib. O, xidmət sahəsində sosial davranışların vacibliyi, yeni nəslin gözləntiləri, müştəri gözləntilərinin qarşılanması, müştəri məmnuniyyətinin artırılması, müştərilərin itirilmə təhlükəsinin səbəbləri, xidmətdə diqqət edilməsi zəruri olan qaydalar və digər məsələlərdən bəhs edib. O, təlim iştirakçılarının mövzuya dair çoxsaylı suallarını cavablandırıb.
Daha sonra H.Mahmudov gələcəkdə birgə tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Sonda, layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan növbəti modullar üzrə təlimlər barədə məlumat verib.
Qeyd edək ki, təlimlərdə MDU, Azərbaycan Turizm və Menecment Universiteti və Mingəçevir Turizm Kollecinin əməkdaşları və tələbələri ilə yanaşı, mövzu ilə maraqlanan istənilən şəxs iştirak edə bilər. Bütün modullara qoşulan iştirakçılar layihənin sonunda müvafiq sertifikat əldə edəcəklər.