REGİONLAR


Mingəçevir Dövlət Universitetinin bir qrup tələbə və müəllim heyəti şəhidlərimizin əziz xatirəsini yad ediblər

Bakı, 24 aprel, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim heyəti mingəçevirli Vətən müharibəsi şəhidləri Elmar İbrahimov və Fuad Xankişiyevin adına tikilən bulaqların açılışında iştirak edib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, qəhrəman şəhidlərimizin adını daşıyan bulaqların açılış mərasimlərində vətənpərvərlik mövzusunda şeirlər səsləndirən MDU-nun tələbə gəncləri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi yolunda canlarını fəda etmiş igid Azərbaycan övladlarının əziz xatirəsini böyük ehtiramla anıb, onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyiblər.

Sonra universitetin tələbə və müəllim kollektivinin üzvləri MDU-nun məzunları olan Vətən müharibəsi qaziləri Abdulla Abdullayev və Bayram Salmanov ilə birlikdə Şəhidlər xiyabanını ziyarət edib, əbədiyaşar şəhidlərimizin məzarı önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, Vətən müharibəsi zamanı Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Elmar İbrahimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Füzuli və Xocavənd istiqamətindəki döyüşlərdə fəal iştirak edən və qəhrəmancasına şəhid olan Fuad Xankişiyev dövlətimizin başçısının müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.

Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsinin daim uca tutulması və göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.