REGİONLAR


Mingəçevir Dövlət Universitetinin kollektivi şəhid Yasən Əhmədovun xatirəsini anıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi Yunis Əhmədlinin atası Yasən Əhmədovun şəhadətə yüksəlməsinin bir ili tamam olub. Bu münasibətlə, MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) təşkilatçılığı ilə universitetin bir qrup tələbə və müəllim heyəti Mingəçevir Şəhidlər xiyabanında qəhrəman şəhidin məzarı üzərinə gül dəstələri düzüb və onun əziz xatirəsini böyük ehtiramla yad edib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tariximizin şanlı səhifələrinin yazılmasında igidlik göstərən qəhrəman əsgər və zabitlərlə qürur duyduqlarını qeyd edən MDU kollektivi üzvləri əzəli torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyiblər.

Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin baş giziri Yasən Əhmədov 2020-ci ilin 23 oktyabr tarixində Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik məqamına yüksəlib. Dövlət başçımızın müvafiq sərəncamlarına əsasən o, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, otuz illik yurd həsrətinə son qoyan 44 günlük tarixi Zəfər yürüşündə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhidlik zirvəsinə ucalıb. Tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da şəhid məzunların adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsinin daim uca tutulması və göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə fəaliyyətləri çevik və səmərəli əlaqələndirmək üçün universitetdə Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.