REGİONLAR


Mingəçevir Dövlət Universitetinin rektoru tələbələrlə görüşüb

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İqtisadiyyat və idarəetmə”, “Pedaqoji” və “Mühəndislik” fakültələrinin tələbələri ilə silsilə görüşlər keçirib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən görüşlərdə rektor, ilk növbədə, MDU-da 2020/2021-ci tədris ilinin yaz semestrinin uğurla başa çatması münasibətilə tələbələri təbrik edib.

Təhsil Nazirliyinin müvafiq dəstəyi ilə məsafədən keçirilən təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində universitetdə həyata keçirilən kompleks tədbirlərdən söhbət açan Ş.Bayramov sosial həssaslığın yüksək olduğu pandemiya şəraitində tələbələrin göstərmiş olduğu həmrəyliyi və fəallığı yüksək qiymətləndirib.

İmtahan sessiyası ərəfəsində tələbələrlə keçirilən ənənəvi görüşlərin əhəmiyyətindən danışan rektor hazırda universitet rəhbərliyi ilə təhsilalanlar arasında çevik kommunikasiyanın qurulması üçün bütün mümkün onlayn resurslardan və alətlərdən istifadə edildiyini diqqətə çatdırıb.

Cari yaz semestrində imtahanların təşkili və keçirilməsi qaydaları haqqında ətraflı məlumat verən Ş.Bayramov tədrisin məsafədən təşkili, elektron tədris resursları ilə təminat, imtahanlara hazırlıq və digər məsələlərdə tələbələr üçün yaradılan müvafiq imkanlardan bəhs edib.

Biliyin qiymətləndirilməsinin obyektiv, şəffaf və xüsusi həssaslıqla həyata keçiriləcəyini vurğulayan rektor tələbələri imtahanlara ciddi hazırlaşmağa, yüksək nəticələri ilə müəllimlərini və valideynlərini sevindirməyə çağırıb.

Eyni zamanda, mövcud pandemiya şəraitində həm COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesində, həm də həyata keçirilən müvafiq təbliğat və maarifləndirmə tədbirlərində yüksək fəallıq göstərdiklərinə görə MDU tələbələrinə təşəkkürünü bildirən Ş.Bayramov imtahan sessiyasında onlara uğurlar arzulayıb.

Görüşlərdə yaradılan şəraitə və göstərilən diqqətə görə MDU rəhbərliyinə təşəkkür bildirilib və cari imtahan sessiyasının uğurla başa çatacağına əminlik ifadə edilib.

Qeyd edək ki, MDU-da imtahan sessiyasına hazırlıq səviyyəsinin yüksəldilməsi, imtahanların tələbə və müəllim məmnunluğu şəraitində keçirilməsinin təmin edilməsi məqsədilə hər semestrin sonunda, ənənəvi olaraq, universitetin akademik heyət üzvləri, tələbə və magistrantları ilə silsilə görüşlər keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.